Şəhid Masim Qurbanov - 24
İnsan ömrünün fəal hissəsini şərti olaraq üç mərhələyə ayırırlar: cavanlıq, orta yaş, qocalıq. Bu cür əzəli bölgü Masallı rayonunun Ərəb kənd sakini, Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil Hafiz Qurbanov da özünə arzulayırdı. Amma qismətə bax ki, ondan ötrü, sayı yerində qalsa belə, məzmunu tamam dəyişib. Birincidə oğlu Masimi böyütdü, böyüdüb Vətənin müdafiəsinə yola saldı. İkincidə düz 70 gün sərasər gecələr göz yuma, gündüzlər bir yerdə qərar tuta bilmədi. Zamanın çox qısa, lakin intizarına, gərginliyinə görə ən uzun ömür parçası yaşadı. Döyüş meydanında həlak olmuş övladının nəşinin tapılmasını gözlədi, tapılınca tabutuna bükülən bayrağı öpüb, torpağa tapşırdı... Bu da üçüncü mərhələ: keçirdiyi, keçirəcəyi xəyallarla qıpçanmış qürurlu, ağrılı həyat...
Qarşıdan gələn 7 yanvarda şəhid Masim Qurbanovun 24 yaşı tamam olur. Yəqin sağ qalsaydı, beş il əvvəldəki kimi evlərində müəyyən hazırlıq görüləcək, sadə məclis qurulacaqdı. Ailə üzvləri və bir-iki dost-tanışla süfrə başında əyləşib, anası Gülnarın bişirdiyi yeməklərdən yeyəcək, ürəyiaçıqlıqla deyib, güləcəkdilər. Amma təəssüf ki, qarşıdakı, qarşlardakı ad günləri onsuz qeyd ediləcək. Ehsan veriləcək, ruhuna dualar oxunacaq. Ziyarətinə gələnlər şərəfinə yaradılmış guşədə şəkillərinə baxacaq, göstərdiyi qəhrəmanlığa görə layiq görüldüyü medalları nəzərdən keçirəcəklər. Köks ötürə-ötürə xatirələrini bölüşəcək, gedib məzarı önündə baş əyəcəklər...
Şəhidlər ölməzlər, heç vaxt cərgəmizdən düşməzlər!
Büksə də, bir anlıq bükər dizini,
Ensə də, bir anlıq enər torpağa,
Şəhidlər təzədən açar gözünü,
Şəhidlər təzədən qalxar ayağa.
Yenə alov saçar od baxışları
Təpəri yerində, gücü yerində.
Yenə səngər-səngər Zəfərə sarı
Vətəni aparar çiyinlərində.
Və ona – ana yurda təkcə savaşlarda uğur qazandırmazlar. Abadlığının da xidmətində dayanarlar. Müqəddəs adları sayəsində! Əziz xatirələri hesabına! Şərəflərinə salınan parklarla, çəkilən bulaqlarla, asfalt küçələrlə!.. Ərəb kəndinin girəcəyinə az qalmış, yol kənarında şəhidlərin portretləri sıralanmış bir bağ var. Masimin atası Hafiz kişi ərsəyə gətirib. Yanından keçəndə istər-istəməz ayaq saxlayırsan. Sehrinə düşürsən. Fəxrlə düşünürsən ki, hələ yetərincə qol-budaq atmamış o fidanlar böyüdükcə, davamı kimi görünəcək şəhid ömürlərinin...
Arif FƏRZƏLİ,
şair.