"Regionlarda iqtisadi problemlərin həlli və turizmin inkişafı əsas hədəflərimiz olacaq" - QHT sədri / FOTOLAR
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhbalı Nağıyev 2024-cü ili təşkilat üçün uğurlu bir il kimi dəyərləndirərək, gələcək planlarını QHT.az -a açıqlayıb. O bildirib ki, 2024-cü ildə təşkilat ölkənin müxtəlif regionlarında, xüsusilə Şimal-Qərb bölgəsində tədqiqat və araşdırmalarını uğurla davam etdirib.
“2025-ci ildə də Dövlət qurumları ilə sıx əməkdaşlıq edərək regionlardakı çətinliklərin həlli üçün fəaliyyətimizi davam etdirəcəyik. Xüsusilə, BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində Şəki və ətraf rayonlarda təbii suyun idarə olunması və su itkisinin azaldılması üzrə müzakirələrdə iştirak etmişik. Bu proqramın 2025-ci ilin birinci rübündə həyata keçirilməsi planlaşdırılır," - deyə M.Nağıyev vurğulayıb.
QHT sədri əlavə edib ki, təşkilatın növbəti il üçün planlarına regionlarda turizmin inkişafı və turizm sənayesi ilə əlaqəli sahibkarlar üçün maarifləndirici tədbirlərin təşkili də daxildir.
“2024-cü ilin “Ekologiya ili” elan edilməsi və COP-29 tədbirinin Azərbaycanda keçirilməsi bizi daha da ruhlandırıb. 2025-ci ildə də strateji planımıza uyğun olaraq böyük gözləntilərimiz var," - deyə M.Nağıyev bildirib.
Pərvanə Fərhadqızı