Müqəddəs adın işığında
“Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.”
Ulu öndər Heydər Əliyev
Əbəs yerə demirlər ki, müəllim ikinci valideyndir. O, insanın tərbiyəsində ailədən sonra ən önəmli şəxsdir. Müəllim cəmiyyətin maariflənməsi, tərəqqisi yönümündə ən yaxşı bələdçidir. Odur ki, bu müqəddəs peşə sahiblərinin üzərinə böyük vəzifələr düşür.
Ölkəmizdə öz işini yaxşı bilən və sevən müəllimlər çoxdur. Onları oxuculara tanıtdırmaq, fəaliyyətlərini işıqlandırmaq borcumuzdur. Haqqında bəhs edəcəyim Hökümə müəllim 35 ildir ki, bu çətin yolun yolçusudur.
Hökümə Mirzağa qızı İsmayılova 6 sentyabr 1967-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində, ziyalı ailəsində dünyaya göz açıb. Ailələrində 10 övladın yeddisi ali təhsil alıb, dörd nəfəri müəllimdir. Atası – Masallı rayonunun Ərkivan qəsəbəsindən olan tanınmış din xadimi Şeyx Əli Axundun (1872-1946) böyük oğlu Mirzağa Rzayev tarix müəllimi olub.
H.İsmayılova 1984-ci ildə Sabirabad kənd orta məktəbini əla qiymətlərlə bitirərək M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. 1989-cu ildən, yəni ali təhsilini başa vurduqdan sonra Masallı rayonunun Ərkivan qəsəbə Bədirli kənd tam orta məktəbində (indiki şəhid Zahir Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbi) pedaqoji fəaliyyətə başlayıb. 35 ildir ki, bu təhsil ocağında rus dili fənnini tədris edir.
2015-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 60, 2024-cü ildə isə təhsilverənlərin bilik və bacarıqlarının sertifikasiya imtahanında 55 bal toplayıb ki, bu da rus dili ixtisası üzrə rayon müəllimləri arasında ən yüksək göstərici kimi qeydə alınıb.
Öz işinə məsuliyyətlə, diqqətlə yanaşan Hökümə müəllim tədris etdiyi fənni şagirdlərə əhatəli öyrətməyə, onlara elm, həyat yolunda bələdçi olmağa çalışır. Hər birinin hərətərəfli inkişafı, dövlətinə faydalı şəxsiyyət kimi yetişməsindən ötrü əlindən gələni əsirgəmir.
Vaxtilə dərs dediyi şagirdləri bu gün müxtəlif sahələr üzrə Azərbaycanın tərəqqisinə töhfə verən savadlı, sağlam fikirli vətəndaşlar kimi müəllimlərinin əməyini layiqincə təmsil edirlər.
Ərkivan qəsəbə 2 saylı tam orta məktəbin direktoru Aytən Əliyeva həmkarı haqqında deyir:
-Hər bir fənni sevdirmək müəllimdən asılıdır. Şagirdləri və öz işini sevmək pedaqoji fəaliyyətin əsas hədəfidir. Əks təqdirdə uğur əldə etmək olmaz. Hökümə müəllim uzun illər qazandığı təcrübəsinə söykənərək buna nail ola bilib.
Ərkivan qəsəbəsinin Bədirli məhəlləsində yaşayan İsmayılovlar ailəsi müəllimlər ailəsidir. Hökümə xanımın ömür-gün yoldaşı Səadət müəllim 40 ildir ki, bu sahədə çalışır, tarix müəllimidir. Beş ildir Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbinin direktorudur.
Hökümə müəllim, Səadət müəllim şagirdləri kimi övladlarının da həyat yoluna şam kimi işıq saçıblar. Orxan rus dili, Lalə azərbaycan dili və ədəbiyyatı müəllimi, ailənin sonbeşiyi Miryusif isə mühasibdir. Hər üçü Bakıda yaşayır və işləyirlər...
Ən uca, ülvi ada – müəllim adına sahiblənən təvazökar, sadə ziyalı ailəsinə xoş günlər, şərəfli işlərində uğurlar arzulayırıq.
Akif AĞAYEV.