Tükəzban Süleymanova: "Könüllülük könül işidir və hər yaşda mümkündür"
"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova Azərbaycanda könüllülük hərəkatının tarixi və əhəmiyyəti barədə fikirlərini bölüşüb. QHT.az xəbər verir ki, o, könüllülük fəaliyyətinin Azərbaycanda təkcə ASAN Könüllüləri ilə başlamadığını vurğulayıb və onun köklərini 90-cı illərin əvvəllərindəki I Qarabağ müharibəsi illərinə bağlayıb.
"Əlbəttə, həmin dövrdə könüllülük indiki anlamda deyildi, lakin vətənin müdafiəsi üçün gənclərin könüllü şəkildə ayağa qalxması bu anlayışın mənəvi əsası idi. Eyni mənzərəni 2020-ci il Vətən müharibəsində də gördük. Hazırda anladığımız formada isə ilk kütləvi könüllülük hərəkatı 2015-ci il Avropa Oyunlarında baş verdi. könüllülük, hər hansı qarşılıq gözləmədən, təmənnasız edilən bir fəaliyyətdir. Könüllülük könül işidir. Bu gün Azərbaycanda könüllülük hərəkatı inkişaf dövrünü yaşayır. Xüsusilə COVİD-19 pandemiyası dövründə Azərbaycan könüllülərinin bir yumruq kimi birləşərək keçirdiyi aksiyalar bu inkişafın bariz nümunəsidir"– deyə QHT sədri bildirib.
Tükəzban Süleymanova əlavə edib ki, könüllülüyün yalnız gənclər arasında yayılması düşüncəsi doğru deyil:
"Dünya praktikasında könüllülük yaşla məhdudlaşmır. Bu, hər yaş qrupundan insanların cəlb oluna biləcəyi bir fəaliyyət olmalıdır. Gəncləri və digər yaş qruplarını könüllülüyə təşviq etmək üçün düzgün hədəf qruplarına yönəlik maarifləndirmə işləri aparmaq vacibdir. Könüllülük təcrübəsinin bir gəncin karyerasına müsbət təsiri ola bilər. Bir gəncin CV-sindəki könüllülük fəaliyyəti onun gələcək karyerasında mühüm rol oynayır. Bu, gəncləri könüllü fəaliyyətlərə daha çox motivasiya edəcək".
Tükəzban Süleymanova sonda ölkədə könüllülüyün artan templə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Pərvanə Fərhadqızı