Xəbərlər 05.12.2024 15:57 156

"Qarabağ və Şərqi Zəngəzur yeni enerji mərkəzinə çevrilir" - professor

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bu gün keçirilən brifinqdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində alternativ enerji potensialının əhəmiyyətini vurğulayıb. O, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni su elektrik stansiyalarının tikintisinin ölkənin təmiz enerji ixrac potensialını dəfələrlə artıracağını qeyd edib.

QHT.az xəbər verir ki, professor bildirib ki, Azərbaycan Avropa bazarları üçün təmiz elektrik enerjisi üzrə əsas tərəfdaşlardan birinə çevrilmək istiqamətində mühüm addımlar atır. O, qeyd edib: "Bu layihələr Azərbaycanın təmiz enerji üzrə mövqeyini gücləndirəcək və Avropa enerji bazarında strateji rolunu daha da artıracaq."

Eyni zamanda, Elşad Məmmədov enerji təhlükəsizliyinin qlobal miqyasda aktuallığını vurğulayaraq, Rusiya-Ukrayna münaqişəsi fonunda Avropada təmiz enerji mənbələrinə tələbin artdığını bildirib. Onun sözlərinə görə, bu proses alternativ enerji istehsalına marağı daha da artırır və ənənəvi enerji daşıyıcılarının gələcək dövrlərdə gəlirliliyinin azalması proqnozlaşdırılır.

Professor Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin bu sahədə açar rolunu oynaya biləcəyini də diqqətə çatdırıb: "Azərbaycanın son illərdə alternativ enerji ilə bağlı həyata keçirdiyi layihələr həm regionun, həm də dünyanın enerji xəritəsində ölkəmizin əhəmiyyətini artırır."

 

 

Pərvanə Fərhadqızı
QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı