"Eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqlarının qorunması üçün daha çox təşəbbüsə ehtiyac var" - QHT sədri
3 dekabr – Beynəlxalq Əlillər Günü, cəmiyyətin diqqətini əlillərin hüquqlarının qorunmasına və bərabər imkanların yaradılmasına yönəltmək üçün mühüm bir fürsətdir. Ümumdünya Səhiyyə Təşkilatına görə, dünya əhalisinin hər 5 nəfərdən biri eşitmə məhdudiyyətlidir. Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən 12,360 nəfər eşitmə məhdudiyyətli şəxs var.
Bu barədə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı QHT.az-a özəl açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkəmizdə bu sahədə bir sıra mühüm addımlar atılsa da, problemlər tam həll olunmayıb:
"Əlçatan xidmətlər, işarə dili tərcüməçilərinin fəaliyyəti, inklüziv təhsil proqramlarının genişləndirilməsi və peşə hazırlığında müasir texnologiyaların tətbiqi əsas ehtiyaclar sırasındadır. İşəgötürənlərin təşviqi və ictimai maarifləndirmə tədbirləri də vacib istiqamətlərdir. Eşitmə və nitq məhdudiyyətli şəxslər cəmiyyətimizin ayrılmaz hissəsidir. Onların hüquqlarının qorunması və bərabər iştirakının təmin edilməsi üçün hər birimizin dəstəyi vacibdir. Qoy bu gün həmrəylik və empatiyanın gücləndiyi bir gün olsun!"
Pərvanə Fərhadqızı