Xəbərlər 30.11.2024 20:00 352

Pərvanə Vəliyeva qanun layihəsinə zəruri hesab etdiyi bir neçə əlavə təklif irəli sürdü - VİDEO

29 noyabr 2024-cü il tarixində Milli Məclisin plenar iclasında deputat Pərvanə Vəliyeva “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi”nin 2-ci oxunuş müzakirələrində iştirak edərək öz təkliflərini irəli sürüb. Deputat, müzakirə edilən qanun layihəsini konseptual olaraq dəstəkləyərək, qanunun dövlətin, cəmiyyətin və fərdlərin təhlükəsizliyini təmin etmək baxımından vacib olduğunu qeyd etdi.

 

QHT.az Millət vəkilinin çıxışını təqdim edir:

“Müzakirə edilən qanun layihəsi dövlətin, cəmiyyətin, fərdlərin təhlükəsizliyinin təmin edilməsi, qanunsuz miqrantların uyğun şəraitdə saxlanılması və qanunsuz miqrasiyaya dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı hüquqi çərçivəni müəyyən etdiyi üçün konseptual olaraq qəbul edilməsini zəruri hesab edirəm.

Həmçinin 2-ci oxunuşun tələbinə uyğun olaraq qanun layihəsinə əlavə edilməsini zəruri hesab etdiyim bir neçə təklifi səsləndirmək istərdim.

1. Belə ki, qanun layihəsində subyekt “əcnəbi və vətəndaşlığı olmayan şəxs” kimi qeyd olunmuşdur, lakin o cins və ya yaş kateqoriyasına münasibətdə fərqləndirilməmişdir.

Qanunsuz miqrant ailəsi ilə birgə bu və ya digər səbəbdən saxlanılmış olarsa, yetkinlik yaşına çatmayan şəxslərin – yəni uşaqların ayrılması, xüsusi xidmət müəssisələrinə yerləşdirilməsi və ailə mənşə ölkəsinə göndərilənədək burada saxlanılması təmin edilə bilər. Konstitusiyamızın 17-ci maddəsinin 6-cı bəndində də qeyd olunur ki, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir”. Uşaq hüquqlarına dair qoşulduğumuz beynəlxalq konvensiyalar da bunu tələb edir. Bu mexanizm bir sıra xarici ölkələrin təcrübəsində də tətbiq edilir. Və ya qadınların mərkəzdə kişilərin olduğu bölmədən ayrılıqda saxlanılması ilə bağlı müddəa da qeyd olunmamışdır. 88-ci maddənin 1-ci bəndinə daxil edilməsi məqsədəuyğun olardı.

2. Qanunun 88-ci maddəsinin 4.2-ci bəndində - Mərkəzə məcburi şəkildə yerləşdirilən miqrantlara ailəsi və yaxınları ilə, həmçinin onunla bağlı maraq doğuran şəxslərə yalnız 1 dəfə telefon əlaqəsi saxlaması imkanı verilir – qeyd olunub. Əlaqə saxlaması texniki səbəblərdən mümkün olmadığı halda, bir neçə digər zəngləri də etməsi imkanının verilməsi məqsədəuyğun olardı. Bu baxımdan “1 dəfə” ifadəsi burada çıxarıla bilər.

3. Qanunun 88-6 maddəsinin 1-ci bəndində qeyd olunur ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs 24 saat müddətində tibbi müayinədən keçirilir. Lakin təklif edərdim ki, mərkəzə gətirilən şəxs sürətli yoluxuculuq qabiliyyətinə malik hər hansı infeksion xəstəliyin daşıyıcısı olabilmə ehtimalı nəzərə alınaraq müayinə zamanınadək izolyasiya edilsin. Məsələn, bu şəxs hava damcı yolu ilə yoluxan aktiv vərəm xəstəsi və ya COVİD-19 virusu daşıyıcı ola bilər, bu zaman şəxsin elə 24 saat ərzində digərlərini yoluxdurma ehtimalı böyükdür. Nəzərə almalıyıq ki, bura qapalı müəssisədir.

Digər tərəfdən, hazırki Miqrasiya Məcəlləsinə əsasən Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti, daimi yaşamaq icazəsi və həmçinin iş icazəsi verilməsindən imtina hallarına səbəblərdən biri kimi şəxsin təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olması da göstərilir. Həmin şəxslərə ölkəni tərk etmək üçün 10 gün vaxt verilir. Əgər könüllü şəkildə tərk etməzlərsə, onlar bu müddət ərzində sözügedən Mərkəzdə saxlanılır. Bu isə hazırki qanun layihəsində yoluxucu xəstəlik daşıyıcısı olan şəxslərin və ya yoluxucu xəstəlik daşıyıcısı olması sübut edilənədək həmin şəxslərin təcriddə saxlanılması ilə bağlı müvafiq əlavənin edilməsini zəruri edir.

4. Digər məsələ isə bu kimi xəstəlik daşıyıcısı olan şəxslərin Mərkəzdə saxlanılan zaman həyat xilasedici dərman preparatları, o cümlədən, insan immun çatışmazlığı virusu (İİV) üçün anti-virus terapiyası ilə təmin edilməsi zərurəti ilə bağlıdır. Belə ki, milli qanunvericilikdə qeydiyyat icazəsi olmayan miqrantlara bu kimi preparatların təmin edilməsi öz əksini tapmadığı üçün İİV terapiyası ölkəmizdə yalnız yaşamaq icazəsi olan miqrantlar üçün təmin edilir. Bu isə, mərkəzdə saxlanılan belə şəxslər üçün həyati risklər deməkdir. Təklif edirəm ki, mərkəzdə saxlanılan İİV-lə yaşayan şəxslər virus yükünün artmaması məqsədilə və o cümlədən, vərəm xəstələri burada olduqları müddət ərzində sözügedən dərmanlarla təmin edilsinlər. Çünki bu xəstəliklər sərhəd tanımır və qlobal səhiyyə təhdididir.

Belə hallar az olsa da, bu məsələnin qanunda öz əksini tapması ilə, həm mövcud boşluq aradan qalxar, həm də gələcəkdə yüzlərlə insana töhfə vermiş olar. Bu, dövlətimizin insan sağlamlığına necə həssas və humanist yanaşmasını bir daha tərənnüm edər.

Qanun layihəsinin 88-6-cı maddəsinə bu əlavənin daxil edilməsini təklif edirəm.

Diqqətinizə görə təşəkkür edirəm!”


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı