“Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzi” layihəsi davam edir - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzi” adlı layihə çərçivəsində işlər davam etdirilir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində zərər çəkmiş şəxslərə psixoloji, hüquqi və sosial dəstək göstərilir. Görüşlər zamanı iştirakçılara maarifləndirici məlumatlar təqdim olunur, onların sosial inteqrasiyası və cəmiyyətə uyğunlaşması üçün zəruri tədbirlər həyata keçirilir.
Layihə rəhbəri Südabə Məmmədova bildirib ki, layihənin icrası dövründə Mərkəzə 392 nəfər məişət zorakılığının qurbanı birbaşa müraciət edib və ya istiqamətləndirilib: "Onlardan 187-si qadın, 205-i uşaqdır ki, bu uşaqlardan 109-u qız, 96-sı isə oğlandır".
Layihənin məqsədi, məişət zorakılığı ilə mübarizə aparmaq, bu sahədə məlumatlılığı artırmaq və zərər çəkmiş şəxslərə dayanıqlı dəstək göstərməkdir. Tədbirlərdə mütəxəssislər iştirak edərək effektiv həll yolları və dəstək mexanizmləri barədə məlumatlar paylaşırlar.
Pərvanə Fərhadqızı