Xəbərlər 14.11.2024 17:40 313

Özbəkistan nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Özbəkistanın “Beynəlxalq İnklüziv HUB” (“International Inclusive HUB”) beynəlxalq əsaslı peşəkar inklüziv təhsil mərkəzinin direktoru Mədinə Bədəlovanın başçılıq etdiyi nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub. 

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonaqlar Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri barədə məlumatlandırılıb. 

 

Mərkəzin direktoru vəzifələrini icra edən Elnarə Ənsari bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv müəssisədir. 

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il oktyabrın 22-də açılışı olan Mərkəzdə həssas əhali qruplarından olan şəxslərə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərlə yanaşı, sosial pedoqoji və psixoloji dəstək xidmətləri də göstərilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas qruplara aid şəxslərin istedad və bacarıqlarının inkişafına, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

 

Qonaqlar yaradıcılıq studiyalarında təlim prosesini izləyib, Mərkəz və onun “DOST Evi” filialında hazırlanan əl işləri, o cümlədən ətraf mühitin mühafizəsi, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda təlimçi və benefisiarların ərsəyə gətirdikləri sənət nümunələrindən ibarət sərgiyə baxıblar.

 

M.Bədəlova rəhbəri olduğu “Beynəlxalq İnklüziv HUB” tərəfindən davamlı həyata keçirilən ekoloji təşəbbüslər barədə məlumat verib. HUB-ın eko-fəallarının COP29 tədbirlərində fəal iştirak etdiyini, iqlim dəyişmələri və onun xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri ilə bağlı vacib məqamlara diqqət çəkdiklərini vurğulayıb. 

 

Bu layihənin Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi, Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi və “Zamin“ Beynəlxalq İctimai Fondu tərəfindən reallaşdırıldığı bildirilib. Həmin unikal platformanın gənclərə keyfiyyətli təhsil almaq, istedadlarını üzə çıxarmaq, reabilitasiya və sosial adaptasiya sahəsində bərabər imkanlar yaratmaq məqsədləri daşıdığı diqqətə çatdırılıb.

 

Sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin cəmiyyətə adaptasiyası sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonda M.Bədəlova Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.   

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı