Xəbərlər 13.11.2024 18:47 163

COP29-un möhtəşəmliyi və həqiqətə yalan geyindirməyə çalışanların iflası

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  (COP29) yüksək səviyyədə keçirilir.

Bu, Azərbaycanın güclü və dünyanın siyasi arenasında söz sahibi olduğunu təsdiqləyən mühüm göstəricidir. Tədbirin yüksək səviyyədə keçməsinə mane olmaq istəyən, boykot etməyə çalışan bəzi dövlətlərin, siyasi dairələrin uduzduğunun şahidi olduq. COP29 təşkilatçılığına və yüksək səviyyədə keçirilməsinə görə tarixi bir tədbirə çevrildi. İndiyə qədər COP-un hər hansı konfransına qarşı bu qədər əks-təbliğat aparıldığının şahidi olmamışdıq. 

Qərəzdən irəli gələn boykot çağırışı tam fiaskoya uğradı. Azərbaycanda keçirilən tədbirin əleyhinə çıxış edənlər nə qədər çalışsalar da, öz məkrli niyyətlərini həyata keçirə bilmədilər. Aylarla Azərbaycana qarşı intensiv olaraq siyasi təzyiqlər edildi. Lakin bütün bu təzyiqlər və qərəzli çağırışlar heç bir nəticə vermədi. Konfransa qatılan ölkələrin liderlərinin, yüksək nümayəndə heyətlərinin rəhbərlərinin tədbirlə bağlı etiraflarını, təşəkkürlərini eşitdik. Hər biri heyranlığını ifadə etdi. COP29 kimi möhtəşəm bir tədbirlə Azərbaycan dünyaya daha bir nümunə göstərməyi bacardı. Bu, Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi və uğurudur. 

Eyni zamanda, əleyhimizə olan qüvvələrə böyük bir dərs verildi. Ola bilər ki, bəzi Qərb ölkələrində kimlərsə hələ də COP29-un boykot olunduğunu düşünürlər. Amma bu, reallığı əks etdirmir və həmin qüvvələr öz arzularının içində ilişib qalıblar. Neçə gündür davam edən tədbiri görə bilmirlər, yaxud da görmək istəmirlər. 

Azərbaycanın daxilindən də onlarla birgə puç olan ümidlərinə sığınıb qalan və gözü korlar var. Bu da təbiidir. Onlardan biri də “Facebook” sosial şəbəkəsinin Azərbaycan seqmentinin “qəhrəmanlarından” olan Əli Kərimlidir.

Əli Kərimli hələ boykot mərhələsindədir. Ona görə də artıq 3-cü gününü arxada qoyduğumuz tədbirin boykotundan danışır. O da arzuladığı, amma puça çıxan son ümidini də itirməsinə baxmayaraq, yalanı başqa formada ifadə etməyə çalışır. 

Hanı o boykot? 196 ölkəni təmsil edən 72 min qonağın iştirakı ilə baş tutan tədbirə “boykot olundu” demək tərs-məzhəblikdir. Nə qədər tərs-məzhəb olasan ki, 80 ölkənin Prezident, Vitse-prezident və Baş nazir səviyyəsində təmsil olunduğu bir tədbirlə bağlı “boykot olundu” deyəsən? Bunu ancaq Əli Kərimli bacarardı. 

COP29-a olan maraq və diqqət Azərbaycana olan müsbət münasibətin göstəricisidir. Tədbirdə yüksək səviyyədə təmsil olunan ölkələr Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər. Bu etimadı qazanmaq özü də siyasi bacarıq və siyasi ləyaqətdir. Qərb ölkələri də bu tədbirdə yüksək səviyyədə təmsil olunurlar. 

Böyük Britaniya, İspaniya, Belçika, Danimarka, İtaliya, Yunanıstanın Baş nazir səviyyəsində təmsilçiliyi Azərbaycanla münasibətdə maraqlı olmalarının göstəricisidir. O cümlədən, Şərqi Avropa, Orta Asiya ölkələrinin prezidentlər və digər yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmaları da Azərbaycana olan xüsusi münasibətdir. Görünür, Əli Kərimli boykot deyəndə Makronun və Niderlandın Baş naziri Dik Şufun gəlməməsini nəzərdə tutur. Azərbaycan da, heç o konfransda təmsil olunan digər ölkələr də Makronun gəlişini arzulamırdı. 

Əli Kərimli üçün xatırladaq ki, Makronun ölkəsi 2015-ci ildə COP-un 21-ci konfransına ev sahibliyi edib. Həmin konfransda 150-dən az ölkə təmsil olunub və 50 minə yaxın da insan iştirak edib. Eləcə də Niderland 2000-ci ildə 6-cı konfransa ev sahibliyi edib və orada da 172 ölkə təmsilçisi olub. Lakin BMT-nin Baş katibi özü belə həmin tədbirə qatılmayıb və konfransda sadəcə onun müraciəti oxunub. Ev sahibliyi etdikləri toplantıları düz-əməlli keçirə bilməyənlərin bu toplantıya qatılmaları kimə lazım idi ki?! 

Əli Kərimlini yenə də yalandan iddia edir ki, guya hansısa tarixi fürsət qaçırılıb. Tarixi fürsəti isə yenə də boykot sözünün üzərində qurur. Bu dediyi artıq rəngsiz yalandır. O qədər ki, hətta o yalana nə ağ, nə qırmızı demək olur. Çünki bütün dünya gördü ki, COP29 nəinki boykot olunmadı və hətta bu konfranslar tarixində iştirakçı sayına, liderlərin iştirakına və verilən mesajlara görə ən yüksək yerlərdən birini tutur. 

Rəfail Becanov
“Cebheinfo.az”


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı