"Zəngəzur Dəhlizi artıq bir reallıqdır!" - İradə Rizazadə keçiriləcək beynəlxalq konfrans haqqında açıqlama verdi
Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi noyabrın 5-də “Zəngəzur dəhlizi Yeni İpək Yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirəcək.
Bununla bağlı konfransın təşkilatçısı olan İctimai Birliyin sədri İradə Rizazadə QHT.az-a verdiyi özəl açıqlamada, tədbirin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəkləndiyini bildirdi. İradə Rizazadə konfransa beş ölkədən mütəxəssislərin, iqtisadçıların, siyasi şərhçilərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və alimlərin dəvət olunduğunu vurğuladı. Konfrans üç paneldən ibarət olacaq və Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti müzakirə ediləcək. İ.Rizazadə, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli yanaşmasını qeyd edərək, bu dəhlizin Cənubi Qafqaz və Asiyanın birləşdirilməsindəki rolunun əhəmiyyətini vurğuladı. O, Zəngəzur dəhlizinin iqtisadi və sosial inkişaf üçün vacib bir vasitə olduğunu ifadə etdi.
“Zəngəzur dəhlizi artıq bir reallıqdır. Zəngilandan keçən dəmir yolu Azərbaycanın bir hissəsi olan Naxçıvanı birləşdirərək beynəlxalq yük daşımaları üçün yeni bir yol açacaq,” - deyə İradə Rizazadə qeyd etdi.
O, konfransda vətəndaş cəmiyyətinin Zəngəzur dəhlizi məsələsinə dəstəyini bir daha nümayiş etdirəcəyini və Prezidentin bu istiqamətdəki bütün qərarlarını dəstəkləyəcəyini vurğuladı. “Sabah inşallah bu konfrans vətəndaş cəmiyyətinin Zəngəzur dəhlizi məsələsinə öz dəstəyini göstərmək üçün bir vasitə olacaqdır,” - dedi.
İctimai Birliyin sədri, beynəlxalq tədbirin iştirakçılara və cəmiyyətə açıq və səmimi müzakirələrə zəmin yaradacağına inandığını ifadə etdi.
Pərvanə Fərhadqızı
QHT.az