BDU nümayəndə heyəti Asiya-Sakit Okean Təhsil Sammitində təmsil olunur - FOTOLAR
Bu gün Əl-Fərabi adına Qazax Milli Universitetində “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. Sammitdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan elm və təhsil sahəsində mövcud vəziyyət və perspektivlər barədə təqdimat edib. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq imkanları müzakirə olunmuş, BDU rektoru Elçin Babayev QS Beynəlxalq Reytinq Agentliyinə müsahibə verib.
17 ölkədən nümayəndə heyətinin təmsil olunduğu pre-sammitin rəsmi açılış hissəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstanın elm və ali təhsil naziri, “QS” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi iştirak edib.
Həmçinin qeyd edək ki, BDU və Qazax Milli Pedaqoji Universiteti tədris prosesinin rəqəmsallaşdırılması ilə bağlı əməkdaşlıq edəcək. BDU-nun rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova ilə Abay adına Qazax Milli Pedaqoji Universitetinin beynəlmiləlləşmə və strateji inkişaf üzrə prorektoru Aygül İskakova, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Bayan Saparqaliyeva, Beynəlxalq proqramlar və əməkdaşlıq şöbəsinin müdiri Aygerim Tavıldiyeva arasında görüş keçirilib. Görüşün sonunda tərəflər rəqəmsallaşma və akademik mübadilə üzrə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.