"Qarabağ və Qərbi Azərbaycanın mədəni irsini qorumaq, tariximizi dünyaya tanıtmaq vacibdir" - Vüsalə Hüseynli
“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkil etdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbirində Qarabağ və Qərbi Azərbaycanın mədəni irsinin qorunması və tariximizin beynəlxalq səviyyədə doğru tanıdılması istiqamətində mühüm mesajlar verib. O, Qarabağ ərazisində uzun illər işğal altında olan abidələr üzərində aparılan təmir-bərpa işlərinə diqqət çəkərək, işğal altında qalmış Qərbi Azərbaycan abidələrinin vəziyyətinin daha çətin olduğunu bildirib.
QHT.az xəbər verir ki, Vüsalə Hüseynli çıxışında qeyd edib ki, “Təsəvvür edin ki, 30 il müddətində Qarabağ ərazisində olan bir çox abidələrin üzərində bu qədər günlər işləyiblərsə də, Qərbi Azərbaycanda olan abidələrin vəziyyətləri nə haldadır,” - deyərək, bu abidələrin bərpa olunmasının əhəmiyyətini vurğulayıb. O, təəssüflə bildirib ki, hal-hazırda İrəvanda yerləşən bir çox Azərbaycan tarixi və mədəniyyətinə aid abidələr fərqli mənsubiyyətlə təqdim edilir və hətta İrəvanda böyük bir fars abidəsi kimi turistlərə nümayiş etdirilir.
QHT sədri çıxışında tarixi həqiqətləri qoruyub gələcək nəsillərə çatdırmaqda və xarici ekspertləri bu işə cəlb etməkdə Azərbaycanın resurslarının və vətəndaş cəmiyyətlərinin rolunu vurğulayıb. “Əlimizdə olan məlumatları və tarixi faktları sadəcə arxivlərdə saxlayaraq gələcəyə ötürmək kifayət deyil; onları beynəlxalq səviyyədə yaymaq, xarici ekspertlərlə işləyərək dünyanın diqqətinə çatdırmaq lazımdır,” - deyə bildirib. V.Hüseynli həmçinin qeyd edib ki, bu fəaliyyətlər gələcəkdə Azərbaycan tarixinin obyektiv şəkildə tanınmasına mühüm töhfə verəcək.
Çıxışında İran səfərlərindən də bəhs edən QHT sədri, İsfahanda yerləşən Şah İsmayıl Xətainin türbəsini ziyarət edərkən Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi kimi təqdim edildiyini, bununla bağlı dəfələrlə düzəliş etməyə çalışdığını vurğulayıb. “Mən iki dəfə İranda olmuşam. Birində 18 gün, birində 21 gün, hər dəfə də İsfahana mən gedəndə Şah İsmayılın böyük bir türbəsi var, sonra orada məscid var. Onun yanında da bir muzey var. İçəri girən kimi hər dəfə deyirlər ki tanış olun fars şairi Nizami Gəncəvinin şəklidir. Və hər dəfə də mən ora gedəndə bir saat deyirəm, Gəncədə doğulub Böyük Azərbaycan şairidir” - deyə əlavə edib. V.Hüseynli, bu kimi tarixi faktların gələcək nəsillərə doğru və dəqiq çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Tədbirin təşkilatçısı Cəsarət Hüseyinzadənin Qarabağ və Qərbi Azərbaycana dair hazırladığı filmləri yüksək qiymətləndirən Vüsalə Hüseynli bu layihənin uğurlu olmasını alqışlayıb. “Siz sayt işinin atasısınız, təbrik edirəm,” - deyə QHT sədri əlavə edərək, mədəni irsin qorunmasının milli kimlik üçün əhəmiyyətini vurğulayaraq, gələcək nəsillərin tarixi faktlara əsaslanan məlumatlarla böyüməsinin vacibliyini ifadə edib.
Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “qerbiazerbaycanirsi.az” (“westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.
Pərvanə Fərhadqızı
QHT.az