Xəbərlər 25.10.2024 20:36 3419

"Biz hamımız Qərbi Azərbaycanlıyıq!" - Nailə İsmayılova

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin təşkil etdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbirində Qərbi Azərbaycanın tarixi və kökləri ilə bağlı duyğusal bir çıxış edərək, tədbirdəki iştirakçılara öz minnətdarlığını bildirib. O, tədbirin təşkilatçılarına “Bir gözəl filmi bizə ərmağan etdiyinizə görə sizə çox təşəkkür edirəm,” - deyərək, filmin Qərbi Azərbaycan tarixi ilə bağlı vacib məsələləri işıqlandırdığını vurğulayıb.

QHT.az xəbər verir ki, Nailə İsmayılova çıxışında özünün ailə köklərindən bəhs edərək, “Mən Nailə İsmayılovayam, amma ata familyam Səfərovadır. Bugünkü çıxışımda elə Nailə Səfərova olmaq istəyirəm,” - deyərək, öz nəsil şəcərəsinin Qərbi Azərbaycanın Göyçə mahalından deportasiya olunmuş bir ailəyə aid olduğunu qeyd edib.

O, keçmişdəki deportasiyalarla bağlı duyğularını paylaşaraq, “Təbii ki, mən babamı görməmişəm, babamın atasını da görməmişəm. Amma qan yaddaşı deyilən bir şey var ki, biz nə qədər də desək, tariximizi unuduruq,” - deyə vurğulayıb. Nailə İsmayılova, tarixin və köklərin unudulmasının qəbuledilməz olduğunu və bunun Azərbaycan xalqının mədəniyyətinə və irsinə zərər verdiyini bildirib. QHT sədri Qərbi Azərbaycan kökənli olan və ya olmayan hər kəsin bir bütün olaraq Azərbaycan xalqının bir parçası olduğunu vurğulayaraq, “Burada əyləşən hər kəs Qərbi Azərbaycan kökənli olsun, istəyir Qərbi Azərbaycan kökənli olmasın, hamımız azərbaycanlıyıq. Bu gün, necə ki, deyirdik hamımız qarabağlıyıq, bu gün biz hamımız Qərbi Azərbaycanlıyıq,” - deyə əlavə edib.

Bu çıxış, Nailə İsmayılovanın Qərbi Azərbaycanla bağlı kökləri, həmçinin Azərbaycan xalqının birliyini və mədəni irsini ön plana çıxaran duyğusal bir çağırış oldu. O, iştirakçıları tarixin unudulmamasına, birlik və həmrəylik ruhunun gücləndirilməsinə çağırdı. QHT sədri öz nəsil köklərini unutmadığını və bütün azərbaycanlıları bu tarixi irsi yaşatmağa çağıraraq, “Hər birimiz öz qan yaddaşımızı yaşatmalıyıq,” - deyə fikirlərini tamamlayıb.

Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı