Xəbərlər 22.10.2024 14:55 1449

Deputat: Ailəm Qərbi azərbaycanlılara qarşı törədilən Xalisa faciəsinin canlı şahididir

“Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə prosesi xüsusilə 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə özünü daha amansız formada göstərib. Bu dövrlərdə törədilən cinayətlərdə Sovet İttifaqı rəhbərliyi, xüsusən İosif Stalin böyük rol oynayıb. Stalin Zəngəzur da daxil olmaqla, azərbaycanlıların üstünlük təşkil etdiyi əraziləri Ermənistana verərək yüz minlərlə azərbaycanlının məcburi deportasiyasına dair qərarlar qəbul edib”.

 

QHT.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, əslən Qərbi Azərbaycandan olan Pərvanə Vəliyeva deyib.

 

O, Qərbi azərbaycanlıların öz yurdlarından sonuncu dəfə məcburi şəkildə deportasiya edilməsindən danışaraq deyib: “1987-ci ilin noyabr ayında Ermənistanın Qafan bölgəsindən Qərbi azərbaycanlıların məcburi şəkildə çıxarılması, 1987-1991-ci illər arasında baş verən sonuncu deportasiya dalğasının başlanğıcı idi. Bu deportasiya dalğası zamanı Qafanla yanaşı, digər bölgələrdən də azərbaycanlılar zorla yurdlarından çıxarılıb, evləri talan edilib, kəndlər boşaldılıb və azərbaycanlıların çoxu fiziki zorakılığa məruz qalıblar. Ermənistan hökumətinin himayəsi altında həyata keçirilən bu etnik təmizləmə prosesləri nəticəsində minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüblər.

 

Qafan deportasiyası yalnız bir lokal hadisə deyil, Azərbaycan xalqına qarşı 1918-ci ildən bəri davam edən sistemli təzyiqlərin bir hissəsidir. Bu prosesin nəticəsi kimi Ermənistanın tamamilə monoetnik dövlətə çevrilməsi təmin edilib və Azərbaycan icmalarının izləri sistemli şəkildə silinib.

1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı insanların evlərini tərk etmələri üçün cəmi 2 saat vaxt verilmişdi. Lakin deportasiyanın məcburi şəkildə həyata keçirildiyi zaman sakinlərə öz şəxsi əşyalarını götürmək imkanı yaradılmadı. Bu, fiziki və psixoloji təzyiqin bir hissəsi olaraq etnik təmizləmə məqsədi ilə icra edilən bir aktdır. Eynilə, 1993-cü ildə Kəlbəcərdən məcburi şəkildə çıxarılan azərbaycanlılara 10 saat vaxt verildiyi halda, əhali erməni silahlılarının hücumlarından qurtulmaq üçün dağları, meşələri və keçilməz yolları ayaqyalın keçməyə məcbur oldular. Yüzlərlə kəlbəcərli amansız qətliamlara məruz qaldı, qurbanların cəsədləri isə təhqir olundu. Bir çox insan ya girov götürüldü, ya da itkin düşdü. Bütün bu hadisələr Ermənistanın sistematik zorakılıq siyasətini nümayiş etdirir”.

 

P.Vəliyeva öz ailəsinin də 1988-ci il noyabrın 30-da Qərbi Azərbaycandan deportasiya olunduğunu bildirib: “Ailəmin deportasiya edildiyi Xalisa kəndində azərbaycanlılar işgəncəyə, qeyri-insani rəftara məruz qalıblar. Onlar noyabrın 30-da Qərbi azərbaycanlılara qarşı törədilən Xalisa faciəsinin canlı şahididir.

 

Xalisa kəndi Qərbi Azərbaycan torpağı olan Vedibasar mahalının tərkibində, Ağrı dağının ətəklərində, Araz çayının sahilində yerləşən onlarla kənddən biridir. Vedibasar mahalının tarixən mövcud olmuş 145 kəndindən biri olan Xalisa kəndi aranda yerləşməklə şimaldan Şidli kəndi, şərqdən Avşar kəndi, cənubdan Dəvəli kəndi, qərbdən isə Araz çayı vasitəsilə Türkiyə ilə həmsərhəddir. Bu kəndə ilk dəfə 1920-ci illərdə 12 erməni ailəsi köçürülüb. Kənddən çıxan zaman belə onun adı kəndin giriş-çıxış lövhələrində Xalisa kimi qeyd olunsa da, deportasiyadan sonra dəyişdirilərək “Norakert” adlandırılıb. Xalisa kimi yüzlərlə yaşayış məntəqələrinin, toponimlərin adları dəyişdirilərək tarixdən bir irsi məqsədli şəkildə silmək cəhdləri aparılır.

 

Kəndin ferma müdiri vəzifəsində çalışan babam deportasiyadan bir müddət öncə işdən çıxarılıb. Halbuki o, bu vəzifəyə yeni təyin ediləndə kolxozun rəhbərliyində bir nəfər belə erməni yox idi. Onlar qonşuluqda yaşayan ermənilər tərəfindən diskriminasiyaya məruz qalır, illərdir yan-yana yaşadıqları qonşularından artıq “çıxıb gedin” mesajları alırdılar.

 

Hazırda Qərbi Azərbaycandakı əksər yaşayış məskənində evlər dağıdılmış vəziyyətdədir, əksəriyyətində heç kəs yaşamır. Məsələn, Göyçə ərazisində mövcud olmuş Zar, Ağkilsə, Zod, Aşağı Şorca, Zərkənd və digər kəndləri onlar öz sahiblərindən məhrum etməklə yanaşı, sözün əsl mənasında xarabalığa çeviriblər.

Bu müddət ərzində Ermənistan ərazisində azərbaycanlılara aid mədəni və tarixi irs, o cümlədən məscidlər və qəbiristanlıqlar dağıdılıb, yer adları dəyişdirilib və azərbaycanlılara qarşı sistematik irqi ayrı-seçkilik həyata keçirilib. Bu hadisələrin təbliği və etnik təmizləmədə iştirak edən şəxslərin Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilməsi, təbliğ edilməsi isə bu cinayətlərin davamlılığını göstərir”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı