Xəbərlər 21.10.2024 11:10 1826

İlon Maskın seçicilərə pul təklifinin seçki qanunvericiliyinə təsiri: QHT hüquqşünasının AÇIQLAMASI

Son dövrlərdə İlon Maskın ABŞ seçicilərinə pul təklif etməsi geniş müzakirələrə səbəb olub. Mütəxəssislər bu addımın seçki qanunvericiliyinin pozulması riskini daşıdığı qənaətinə gəlirlər. Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin hüquqşünası, Vəkillər Kollegiyasının vəkili Ruslan Mustafazadə QHT.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.

Vəkil "Hər ölkənin öz seçki qanunvericiliyi var, ona uyğun da seçkilər keçirilir. Azərbaycanda seçicilərin satın alınması qadağandır, məsuliyyət yaradır," deyərək, ABŞ-da da bu cür addımların ciddi hüquqi nəticələr doğura biləcəyini vurğuladı. O, əlavə etdi ki, Amerikada seçki fondları var və maliyyələşmə prosesləri müvafiq qanunlarla tənzimlənir:

"Mask söz azadlığı və digər azadlıqlarla bağlı bir petisiya hazırlayıb, istəyir ki ona 1 mln adam qol çəksin. Bu petisiyada çağrış var. Bu respublikaçıların proqramından götürülüb. Petisiyanı imzalayanlar Trampın lehinə səs verəvəklər. Maskın $1 milyon hədiyyə ilə bağlı təklifi, seçiciləri müəyyən namizədə səs verməyə təşviq etməyə yönəldilmiş bir lotereya kimi görünür. Bu o demək deyil ki, kim Trampa gedib səs versə, mən ona 100 dollar, 1 milyon verəcəyəm. Bununla yanaşı, ABŞ-da seçicilər birbaşa namizəd üçün səs vermirlər; əslində, seçici komitələrinin üzvləri seçilir və onlar da prezident seçimi üçün səs verirlər. Bu kontekstdə, Maskın təklifinin hüquqa zidd olub-olmadığını araşdırmaq üçün hüquq mühafizə orqanlarının reaksiya verməsi gözlənilir".

R.Mustafazadə gözlənilən hüquqi nəticələrə də toxunub: "Ehtimal ki, hüquqşünaslarla məsləhətləşib bu yolu seçiblər. Əgər Amerika hüquq orqanları buna reaksiya verməsə, bu, Maskın hərəkətinin qanuni olduğunu göstərə bilər. Maskın bu addımının seçki qanunvericiliyini pozub-pozmadığı, ABŞ-da baş verəcək hüquqi proseslər nəticəsində aydınlaşacaq. Seçki məkanında bu cür təşəbbüslərin nəticələri, seçicilərin hüquqlarının qorunması və demokratik prinsiplərin saxlanması baxımından vacibdir".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı