Xəbərlər 20.06.2024 02:19 869

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu dərin ehtiramla yad edirik!  

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılan Mübariz hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

QHT.az xəbər verir ki, o, bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib.

O, düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. Prezidentin başqa bir sərəncamı ilə isə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib. Biləsuvar rayonunun orta məktəblərindən birinə və küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.

Ruhun şad olsun, Şəhidim!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı