Xəbərlər 08.04.2024 23:46 1795

Azərbaycan iqlim dəyişmələri ilə səmimi mübarizə etməyən ölkələrə mesaj verir... - CƏSARƏT HÜSEYNZADƏ

Cəsarət Hüseynzadə: “Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq miqyasda baş verən müxtəlif hadisələrə öz ədalətli mövqeyini nümayiş etdirən bir ölkədir”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib. Bununla bağlı Nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.

"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.

Qeyd edək ki, Niderland polisi isveçli iqlim fəalı Qreta Tunberqi Haaqada keçirilən etiraz aksiyasında saxlayıb. 

Azərbaycan iqlim fəallarının hüquqlarını müdafiə edir. Bildiyimiz kimi, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Azərbaycanın hazırda dünyada çox fəal şəkildə təqdim etdiyi platformalardan biri iqlim dəyişikliyinə qarşı mübarizədir. Ölkəmiz bütün qlobal problemlərin həllinə dəstək verir.  Necə ki, Fransanın müstəmləkəçiliyinə qarşı təşəbbüskar qaydada mübarizə aparır, eləcə də dünyada iqlim dəyişikliyi ilə mübarizə prosesinə ikili standartlar çərçivəsində yanaşan ölkələrə qarşı bu addımı atır. Çünki dünyada hələ də bu sahəyə ikili standartlarla yanaşan ölkələr var. Yəni iqlim dəyişikliyinə belə candərdi, barmaqarası yanaşan ölkələr mövcuddur. Əgər doğrudan da Hollandiya kimi ölkələr iqlim dəyişikliyinin ziyanlı olduğunu qəbul edib ona qarşı mübarizə aparsa, bu iqlim dəyişikliyinə qarşı mübarizə aparan fəalları sıxışdırmaz. 

Hollandiya onları niyə sıxışdırır, niyə imkan vermir ki, onlar  çıxıb öz sözlərini desinlər? Azərbaycan  iqlim dəyişikliyinə qarşı mübarizə aparan fəalları dəstəkləməklə əslində iqlim dəyişiklikləri ilə mübarizədə səmimi olmayan ölkələrə qarşı bir tövr nümayiş etdirir.

“Azərbaycanın bu məsələyə münasibət bildirməsini, Hollandiya hökumətinə çağrış etməsini...” 

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq Hollandiyada baş verən bu hadisədən narahatlıq keçirirlər. “Çünki Hollandiyanın müxtəlif dövlət və qeyri-dövlət təşkilatları hər zaman özlərini beynəlxalq ictimaiyyətə ifadə azadlığını, vətəndaş fəallığını və sairi təbliğ edənlər kimi tanıdırlar. Bu sahədə Hollandiya hökuməti özünü göstərməyə çalışır. Amma faktiki olaraq iqlim dəyişikliyinə qarşı mübarizə aparan fəalın üzləşdiyi problem bir daha bəzi Qərb ölkələrinin, o cümlədən Hollandiyanın əslində müxtəlif məsələlərə ikili standartlar çərçivəsində yanaşdığını göstərir. Bilirsiz ki, bu gün dünyada iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi, “yaşıl enerji”yə keçid ən mühüm prioritetdir. Çünki burada bəzi dövlətlər əksinə, bu keçidləri etməkdə maraqlı olmadıqları halda vətəndaş cəmiyyəti dünyanın gələcəyi naminə bu işləri təbliğ edir. İqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi, “yaşıl enerji”yə keçid böyük vəsait tələb etdiyi üçün bəzi ölkələr buna barmaqarası yanaşır. Vətəndaş cəmiyyəti olaraq fikrimiz ondan ibarətdir ki, müasir dövrün əsas istiqamətlərindən biri məhz bu sahələr olmalıdır.      

Hollandiyada baş verən bu hadisə, həmin xanımın polis tərəfindən saxlanılması və təzyiqə məruz qalması Holandiyanın vətəndaş iştirakçılığına, vətəndaş fəallığına münasibətidir.    

Qreta Tunberqinin Haaqada keçirilən etiraz aksiyasında saxlanılması faktiki olaraq Holandiya hökumətinin vətəndaş iştirakçılığına, fəal vətəndaş aksiyalarının keçirilməsinə münasibətinin əyani göstəricisidir. Biz eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi ilə də tanış olduq. Bu da normal haldır. Çünki Azərbaycan COP29 kimi mötəbər tədbirə evsahibliyi edəcək bir ölkədir. Azərbaycanın bu məsələyə münasibət bildirməsini, Hollandiya hökumətinə çağırış etməsini Azərbaycan dövlətinin COP29 la bağlı üzərinə götürdüyü bir öhtəlik kimi də dəyərləndirmək olar. İkincisi, COP29 olmasa belə,  Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq miqyasda baş verən müxtəlif hadisələrə öz ədalətli mövqeyini nümayiş etdirən bir ölkədir. Dünyanın istənilən ölkəsində insan haqlarına, vətəndaşların hüquq və mənafelərinə zidd, xüsusən yeni dünya düzəni üçün vacib olan ekololoji, iqlim dəyişikliyi ilə mübarizəyə qarşı baş verən hadisələrə Azərbaycan dövləti öz mövqeyini hər zaman göstərir. Azərbaycan böyük bir hərəkatın önündə gedən bir dövlətdir. Qoşulmama Hərəkatının bütün fəaliyyətinin çiçəklənməsi dövrü məhz Azərbaycan dövlətinin bu təşkilata sədrlik etdiyi illərə təsadüf edir. Həmçinin, Fransa müstəmləkəçiliyinə qarşı təşəbbüsdə də Azərbaycan çox mühüm rol oynayıb. Bakı Təşəbbüs Qrupu yaradılıb ki, Fransanın bir çox Afrika ölkəsində həyata keçirdiyi cinayətlərlə bağlı bu qrup çox mühüm iş aparır. Burada dünyanın müxtəlif ölkələrindən olan insanlar birləşir”-deyə C.Hüseynzadə qeyd etdi.

İradə SARIYEVA

https://baki-xeber.com/8703-azerbaycan-iqlim-deyismeleri-ile-semimi-mubarize-etmeyen-olkelere-mesaj-verir.html


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı