Xəbərlər 02.04.2024 09:17 1378

Nadir Azəri: "Kimsə yaxasını kənara çəkməməlidir"

“Uzun müddət Rusiyanın vassalı kimi mövcud olan Ermənistan artıq öz ağasını dəyişmək qərarına gəlib. Ermənistanın yeni isti qucaq axtarışına çıxması isə Güney Qafqazı öz caynağına keçirmək istəyən Qərbin işinə yarayıb”. 

QHT.az xəbər verir ki, bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib. O, qeyd edib ki, ötən il “missiya” adı ilə regionda peyda olan Batı indi də ABŞ və Avropa Birliyinin timsalında birdəfəlik bu regionu öz qaranlıq və qanlı maraqlarının girovuna çevirmək istəyir: “Hər halda aprelin 5-də Brüsseldə ABŞ, AB və Ermənistan iştirakı ilə keçiriləcək üçtərəfli görüçü məhz bu prizmadan dəyərləndirmək olar”. 

Nadir Azəri deyib ki, həmin görüş zamanı tərəflər arasında hərbi paktın imzalanması gözlənilir: “ABŞ və AB-nin Ermənistanla bağlamaq istədiyi hərbi pakt nəinki Azərbaycan xalqına və dövlətinə qarşıdır, ümumilikdə bütün region üçün böyük təhdiddir. Hesab edirəm ki, bu pakt ABŞ-ın yaxın gələcəkdə Ermənistanda və deməli Güney Qafqazda hərbi mövcudluğuna yol açacaq. Bu isə region üçün fəlakətli ola bilər. Təbii ki, Azərbaycan bu addıma qarşı müqavimət göstərir. Ümumiyyətlə, Azərbaycan dövləti özünə qarşı heç bir təhdidi qəbul etməyəcək. Hər kəs bilməlidir ki, Azərbaycanın iradəsindən kənarda Güney Qafqazda istənilən təşəbbüs qabaqcadan fiasko deməkdir. Lakin dediyimiz kimi bu məsələ təkcə Azərbaycan deyil, ümumiyyətlə region ölkələri üçün təhdid yaradır. Ona görə də kimsə yaxasını kənara çəkməməlidir. Region ölkələri Batının bu qanlı planına qarşı vahid mövqedən çıxış etməlidir”.

İctimai Birlik sədri bu kontekstdə İranın susqunluğunun başadüşələn olmadığını deyib: “Artıq Rusiya ABŞ və AB-nin Ermənistanla imzalayacağı hərbi paktı kəskin pislədi və Ermənistana açıq xəbərdarlıq etdi. Amma təbii ki, regionun digər ölkələri də məsələyə sərt reaksiya verməlidirlər. Məhz bu baxımdan İranın hansı addım atacağı maraq doğurur. Çünki başqa vaxtı yeri gəldi-gəlmədi “qırmızı xətlər” barədə danışmağı sevən İranın mövcud rejimin təmsilçiləri indi “müdrikcəsinə” susurlar. Ermənistan ABŞ və digər Batı ölkələrini İranın “burnunun ucuna” kimi gətirir, amma bu dəfə Tehranın yadına “qırmızı xəttlər” düşmür. Görəsən niyə?”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı