Xəbərlər 29.02.2024 18:30 1640

Azərbaycanın Milli Qəhrəmanı - şəhid Yavər Əliyevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Yavər Əliyev Qarabağda növbəti döyüş tapşırığını yerinə yetirərkən 29 fevral 1992-ci il tarixində qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, 27 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Kremençuq Mülki aviasiya uçuş məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra Zabrat aviabirliyində pilot fəaliyyətinə başlayıb. Öncə Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət edib, sonradan isə həmin helikopterin komandiri olub. Yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edilib. Öz təşkilati və döyüş qabiliyyətinə, yüksək peşəkar hazırlığına görə Yavər Əliyev hərbi helikopterlərin birinci eskadrilyasının komandiri təyin edilib. O, qısa müddət ərzində eskadrilyaya ən yaxşı Mülki Aviasiya pilotlarını cəlb etməklə vahid və döyüş kollektivini toplayıb.

1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Yavər Əliyevin rəhbərlik etdiyi uçuş heyəti dağlıq rayonların əhalisinin təxliyyəsində, Ağdam və Şuşanın kəndləri arasında hava körpüsünün yaradılmasında iştirak edib, həmçinin bir sıra döyüş uçuşları da həyata keçirib. Yavər Əliyev Qarabağda Mi-24 helikopterində bir neçə döyüş uçuşu yerinə yetirərək düşmənin mövqelərinə aşağı hündürlükdən zərbələr endirib.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə Əliyev Yavər Yaqub oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı