Xəbərlər 23.02.2024 13:23 1715

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.

 

Spiker Sahibə Qafarova Asiya Parlament Assambleyasının üzv dövlətlər arasında dialoq və əməkdaşlığın daha da genişləndirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edərək, paytaxtımızda keçirilən plenar sessiya çərçivəsində məhsuldar müzakirələr aparıldığını diqqətə çatdırıb.

 

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Milli Məclisin sədri deyib ki, dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər əlaqələrimizin dinamik inkişafında mühüm rol oynayır. Qeyd olunub ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

 

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq var. Azərbaycan və BƏƏ BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərirlər.

Söhbətdə vurğulanıb ki, ikitərəfli münasibətlərdə parlamentlərimiz də mühüm rol oynayır. Bu mənada, Azərbaycan və BƏƏ-nin qanunverici orqanları arasında mövcud olan əməkdaşlıq müsbət qiymətləndirilib. Qeyd olunub ki, parlamentlərimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, APA, İƏT PA kimi təşkilatlarda fəal əməkdaşlığın bir sıra məsələlərin həllinə töhfəsi qeyd edilib. Görüşdə, həmçinin bildirilib ki, hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qrupları münasibətlərin inkişafında körpü rolunu oynayır. Tərəflər, həmçinin əlaqələrimizin daha da dərinləşməsi, parlament komitələrinin əməkdaşlığı haqqında da fikir mübadiləsi aparıblar.

 

Azərbaycanda 7 fevral tarixində keçirilmiş növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin qalib gəlməsi münasibətilə təbriklərini çatdıran Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu söyləyib.

 

Bu il COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdıran qonaq deyib ki, ölkəmizdə belə bir tədbirin keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının təzahürüdür. O, ölkəsinin ötən il bu mühüm tədbirə evsahibliyi etdiyini xatırladaraq, tədbirin təşkili ilə bağlı geniş təcrübəyə malik olduqlarını, dost və qardaş Azərbaycana hər cür dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı