Xəbərlər 12.02.2024 23:15 1642

Deputat Vüqar İskəndərov: “Nə qədər inkişaf etsək də milli- mənəvi dəyərlərimiz həmişə qorunmalıdır”

“Azərbaycanda xanımların, qızların təhsil və iş sahəsi ilə bağlı problemlər qlobal bir məsələ deyil. Azərbaycan müsəlman şərqində, Avropa ölkələrinin bir çoxunda qadınlara bütün sahələrdə azadlıq verən ölkələrdən biridir. Xalq olaraq qərbin bir çox ölkələrinin bu sahələrdə əsrin əvvəllərində də qabaqlamışıq. Müasir Azərbaycanda bu sahədə bir çox işlər görülüb. İndi xanımlar dövlət vəzifələrində, həm vətəndaş cəmiyyəti institutlarında, hətta çox çətin olan sahələrdə də fəaliyyət göstərirlər. Qızların təhsil alması, elmli olması çox vacibdir. Bir ananın savadlı təhsilli olması bir ailənin, övladların savadlı olması deməkdir. Bu çox vacib məsələdir”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə Sovet İttifaqı dövründə də Azərbaycan bu sahədə öncüllərdən biri olub: “Heç vaxt qadınları hər hansı işlərdə, sahələrdə işləməyinə maneə yaratmamışıq. İstisnalar var. Ucqar kəndlərdə, təhsilin zəif olduğu bölgələrdə, kəndlərdə problemlər mövcud olub, bununla bağlı vətəndaş cəmiyyətləri, institutlar, dövlət orqanları müvafiq işlər görüblər. Bizdə bu böyük bir qlobal məsələ kimi qeyd edilə bilməz. Mehriban xanımın timsalında Azərbaycan xanımları bu gün ölkənin ən aparıcı sahələrindədirlər. Mehrban Əliyeva ölkənin birinci vitse prezidentidir, Milli Məclisin sədri xanımdır, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanımdır, komitə sədrləri, nazir müavinləri, təhsil, səhiyyə, mədəniyyət sahələrində qadınların daha çox domimant rolunu görürük. Onların sayı kifayət qədər kişilərdən çoxdur. Bu onu deməyə əsas verir ki, Azərbaycan xanımları öz aktivliyini göstərirlər”.

Vüqar İskəndərov həmçinin qeyd edib ki, dünyada yeni çağrılar var, 21-ci əsr elm əsridir, gələcək nəsil savadlı olmalıdır: “Texnologiyalar sürətlə inkişaf edir. Biz də dövlət olaraq bunun nüvəsində olmalıyıq. Bu sahədə geri qalmamalıyıq. Azərbaycan xalqı öz aktivliyini göstərməlidir. Qadın və qızların liderlik sahələrinin artırılması üçün indi çox yaxşı, münbit şərait var. Çox maraqlı təlimlər, seminarlar keçirilir, liderliyin inkişaf etdirilməsi üçün yaxşı təlimçilər mövcuddur, onlar içərisində kifayət qədər qızlarımız, xanımlarımız da var. Yeni dəyərlər bütün dünyada qloballaşma siyasəti içərisində dəyişir. Azərbaycanlı olaraq biz bu inkişafı mənimsəməliyik, tətbiq etməliyik, mənəvi, milli dəyərlərimizi qorumalıyıq. İndiki dünyada baş verən hadisələrə baxdıqda müasirlik, çağdaşlıq adı ilə tamamilə yad ailə institutunu dağıdan bir çox cərəyanlar sürətlə yayılmaqdadır. Gənclər, o cümlədən gənc xanımlar risk altındadır. Hər birimiz bu məsələlərdə diqqətli olmalıyıq ki, nə qədər inkişaf etsək də milli-mənəvi dəyərlərimiz həmişə qorunmalıdır. Bu bizim sərvətimizdir, ailə dəyərləridir, böyüyə, kiçiyə hörmət uğrunda tərbiyə almağımızdır. İndiki çox inkişaf etmiş ölkələrdə bu dəyərlər itməkdədir. Bu da qorxulu tendensiyadır. Əgər inkişaf bu deməkdirsə, sonunda uğur görünmür. Çünki bu sürətin içərisində vacib elementlər, əsasən də ailə dəyərləri, kökünü dərketmə itə bilər. Ona görə də xanımlarımızın, gələcəkdə ana olacaq qızlarımızın üzərinə böyük vəzifə düşür”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı