Xəbərlər 12.02.2024 21:26 1808

“Bank sektorunda müvafiq islahatların həyata keçirilməsinə ciddi zərurət mövcuddur”- Elşad Məmmədovdan AÇIQLAMA

Kredit faizlərinin yüksək olması milli valyutada vaxtı keçmiş kreditlərin həcminə təsir göstərir. Yüksək faizlə borclanma daha sonra kredit öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaradır. Bu isə kreditlərin faiz dərəcələrinin optimallaşdırılmasını bir daha prioritetləşdirir.

Bəs yüksək faiz dərəcələrinin iqtisadiyyata hansı təsirləri ola bilər? Faiz dərəcələri vaxtı keçmiş kreditlərin həcminə necə təsir edə bilər?

QHT.az bu suallara cavab almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədovdan açıqlama alıb. QHT sədrinin sözlərinə görə, yüksək faiz dərəcələri iqtisadiyyatın inkişafına mənfi təsir göstərir, investisiyaların həcminə, real sektora aid olan sərmayə qoyuluşlarına olduqca ciddi zərbə vurmuş olur: “Düşünürəm ki, faiz dərəcələrinin yumşaldılması və şaxələndirilməsi istiqamətində müvafiq işlər aparılmalıdır. Vaxtı keçmiş kreditlərin həcminin artması baxımından da şübəsiz ki, kredit faiz dərəcələrinin yüksək olması olduqca mənfi amil kimi dəyərləndirilə bilər. Kredit faizlərinin  yumşaldılması üçün iqtisadiyyatın müxtəlif sahələrinə uyğun rentabellik göstəricilərinə uyğun kredit xəttləri ayrılmalıdır. Bunun üçün Mərkəzi bank tərəfindən məqsədli pul emissiyasının həyata keçirilməsinə ehtiyac var. Aidiyyatı üzrə kommersiya banklarında, əgər kommersiya bankları bu işin öhdəsindən gələ bilmirlərsə onda alternativ üsullar vasitəsilə iqtisadiyyatın prioritet istiqamətlərinə yönləndirilmiş kredit xəttləri yumşaq faizlərlə açılmalıdır ki, Mərkəzi bank burada mühüm və həlledici rol oynamalıdır”.

Elşad Məmmədov həmçinin bildirib ki, iqtisadiyyatda investisiyaların həcminin artmasına, milli iqtisadiyyatımız üçün prioritet istiqamətlərə lazım olan həcmdə kredit təminatının reallaşdırılmasına nail olmaq istəyiriksə biz ayrı kredit xəttləri açmalıyıq: “Kommersiya Bankları bu işin öhdəsindən gələ bilməyəcəklərsə, məqsədli dövlət bankları vasitəsilə bunu reallaşdırmaq üçün bütün imkanlar mövcuddur. Düşünürəm ki, biz bu gün bank sektorunun ölkənin investisiya siyasətində rolunun lazım olan səviyyədə olması barədə fikir söyləyə bilmərik. Ona görə də bank sektorunda müvafiq islahatların həyata keçirilməsinə ciddi zərurət mövcuddur”.

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda ümumi kreditlərdə 440.4 milyon manatdan 437.8 milyon manatadək azalıb. Azalma xarici valyutada olan kreditlərdə də müşahidə olunub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı