Xəbərlər 12.02.2024 12:41 706

"Milli valyuta üzrə vaxtı keçmiş kreditlərin həcminin artması arzuolunan deyil"- EKSPERT

"Milli valyutada vaxtı keçmiş kreditlərin həcminin artması hələ də bir sıra banklar tərəfindən vətəndaşların ödəmə qabiliyyəti və eləcə də potensial risklər tam nəzərə alınmadan kreditləşməyə getməsi ilə bağlıdır. Bank kreditləşməsində son dövrlər şəffaflıq güclənsə də risklərin idarəedilməsi mexanizmdə hələ də problemlər mövcuddur.

QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, kredit faizlərinin yüksək olması da milli valyutada vaxtı keçmiş kreditlərin həcminə təsir göstərir: "Yüksək faizlə borclanma daha sonra kredit öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaradır. Bu isə kreditlərin faiz dərəcələrinin optimallaşdırılmasını bir daha prioritetləşdirir. Bütün hallarda, sabit məzənnə kontekstində milli valyuta üzrə vaxtı keçmiş kreditlərin həcminin artması arzuolunan deyil. Bu o deməkdir ki, kreditərin valyuta və eləcə də müddət növünə görə də xüsusi yanaşma və standartların tətbiqinə ehtiyac var".

Qeyd edək ki, milli valyutada problemli kreditlərin həcmi artıb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda ümumi kreditlərdə 440.4 milyon manatdan 437.8 milyon manatadək azalıb. Azalma xarici valyutada olan kreditlərdə də müşahidə olunub: həmin müddətdə 7.9 milyon manat azalma. Bununla belə, milli valyutada olan kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda 324 milyon manatdan 329.3 milyon manatadək yüksəlib. Son rəqəm eyni zamanda illik yekun olub. Bu o deməkdir ki, milli valyutada olan kreditlərdə problemli kreditlərin həcmi 2023-cü ilin sonuncu rübündə 5.3 milyon manat artıb.

 

Pərvanə Fərhadqızı

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı