Xəbərlər 12.02.2024 09:37 2115

“Ən vacibi məhz erkən nikaha qarşı mübarizəni artırmaqdır”- AÇIQLAMA

“Ali təhsil müəssisələrində qadın və qızların iştirakçılığı arzu edilən səviyyədə olmasa da, ancaq ümumən ölkənin ictimai-siyasi həyatında qadınların rolu aktivdir. İstər mərkəzi icra hakimiyyəti orqanlarında, istər qanunverici orqanda təmsil olunan kifayət qədər xanımlar var”.

Bu sözləri “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli QHT.az-a açıqlamasında bildirib. Vətəndaş cəmiyyətində xanım təşkilat rəhbərlərinin yetərincə olduğunu da qeyd edən QHT sədri hesab edir ki, vətəndaş cəmiyyətləri, xüsusilə xanımların rəhbərlik etdiyi QHT-lər layihələrini məhz bu istiqamətə yönəltməli, maarifləndirici xarakter daşıyan görüşlər keçirməlidirlər ki, qadın və qızların ali təhsildə iştirak səviyyəsini artırmağa nail olaq: “Düşünürəm ki, burada yenə məsələnin kökü gedib erkən nigaha çıxır. Bütün qeyd edilən problemin kökündə erkən nikah məsələsi dayanır. Məhz erkən nikah qızları təhsildən yayındırır. Əgər məktəbli qız kitab-dəftərlə “oynamalı”, maraqlanmalı olduğu halda, təhsilini yarımçıq qoyub ailə qurmağa yönləndirilirsə, o zaman ali təhsildə qadın və qızların iştirakçılığından necə danışmaq olar. Hesab edirəm ki, ən vacib məhz erkən nigaha qarşı mübarizəni artırmaqdır”.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı