“Universitetlərdə barmaqla sayıla biləcək xanım rektorlar var” – QHT sədri
“Qızların elm və təhsil sahəsində iştirakçılığını artırmaq bütün dövrlərdə aktual olub. Təəssüflər olsun ki, təhsilin bütün pillələrində, istər orta, istər ali təhsil müəssisələrində qadın və qızların iştirakı istənilən səviyyədə deyil”.
Bu fikri “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, son illərdə xanımların ümumtəhsil müəssisələrində iştirakçılığı, onların rəhbər vəzifələrə təyinatında müsbət tendensiya müşahidə edilsə də, ancaq ali təhsil pilləsində bu arzu etdiyimiz səviyyədə deyil: “Diqqət etsək görərik ki, Azərbaycanda ali təhsil müəssisələrinin rəhbər heyətinin, rektorlarının böyük əksəriyyəti əks cinsin nümayəndələrindən ibarətdir və universitetlərdə barmaqla sayıla biləcək xanım rektorlar var. Hesab edirəm ki, bu sahədə gender bərabərliyini qorumaq lazımdır. Eyni zamanda xanımlar arasında müəyyən sorğular, araşdırmalar aparmaq lazımdır ki, nə üçün ali təhsil müəssisələrində rəhbər strukturlarda çalışmağa maraqlı deyillər. Düşünürəm ki, burada ailə məsələsi də müəyyən mənada rol oynayır ki, qadın və qızların ali təhsil müəssisələrində iştirakçılığı arzu etdiyimiz səviyyədə olmur”.
QHT sədri həmçinin bildirib ki, ali təhsil müəssisəsinə rəhbərlik edən şəxsin mütləq elmi dərəcəsi olmalıdır: “Xanımlar, qadın və qızların isə elmi dərəcə alması o qədər də asan başa gəlmir. O mənada ki, ən pis halda xanımlar ali təhsili bitirən kimi ailə həyatı qurur, ailə, uşaq onun başını elə qatır ki, elm, təhsil istər-istəməz, özündən asılı olmadan arxa plana keçir. Hesab edirəm ki, ali təhsil müəssisələrində qadın və qızların iştirakçılıq səviyyəsinin az olmasına təsir göstərən başlıca amillərdən biri ondan ibarətdir”.
Qeyd edək ki, 11 fevral - “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür. Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini göstərməkdir.
Pərvanə Fərhadqızı