Masallının Ərkivan qəsəbəsində mərasim evi istifadəyə verilib
Ərkivan qəsəbəsində, Bağlakücədə mərasim evi istifadəyə verilib
Azərbaycanın hər yerində olduğu kimi Masallıda da adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması diqqət mərkəzindədir. Son illər rayonun müxtəlif ərazilərində inşa edilən məscid və mərasim evləri buna bariz nümunədir.
Növbəti nümunəvi addım Ərkivan qəsəbəsində atılıb.
Noyabrın 30-da Bağlakücə məhəlləsində yerli iş adamları və sakinlərin maddi dəstəyi ilə tikilən mərasim evi istifadəyə verilib.
300 yerlik mərasim evi kişilər və qadınlar üçün olmaqla 2 zaldan, mətbəx və anbardan ibarətdir.
Otaqlar istilik sistemi və lazımi avadanlıqlarla təchiz edilib.
Mərasim evinin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, din xadimləri, qəsəbə sakinləri iştirak ediblər.
Ehsan süfrəsi arxasında ölkəmizin əmin-amanlığı, xalqımızın birliyi, şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasim evinin istifadəyə verilməsi sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb.
Bildirilib ki, yeni binanın inşası dini mərasimlərin rahat şəkildə keçirilməsində, eləcə də əlavə xərclərin qarşısının alınmasında əhəmiyyətlidir.
Akif AĞAYEV