Lənkəranda “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib
Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri, “Məktəblinin dostu” layihəsinə cəlb olunan müəllim və psixoloqlar iştirak edib.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarx nümayiş olunub.
Sonra təlimin praktiki hissəsinə start verilib. Şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra təlim iştirakçılarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, "yanğınla" mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, təlim iştirakçıları üçün zərərçəkmişin xilas edilməsi və ilkin tibbi yardım nümayiş olunub.
Sonda xilasetmə alət və avadanlıqları barədə təlim iştirakçılarına məlumat verilib.