Xəbərlər 24.01.2023 21:24 248

Ağlagəlməz həyat hekayələri olan sığınacaq: Qocalı-cavanlı çoxlarının pənah gətirdikləri yerdən REPORTAJ

Cavanlıq səhvlərinin qurbanı olan, bacısı tərəfindən aldadılan, övladı tərəfindən atılan, daha yüzlərlə belə həyat hekayələri var. Hər kəsin bu həyatda çalışdığı başını soxacaq bir damının olmasıdır. Amma kimisi buna nail ola bilir, kimisi də əlində-ovcunda olan damı da itirir…

 

Yəqin ki, hər kəs ömründə bir dəfə də olsun özünə - “görəsən, qocalanda aqibətim necə olacaq?”, - sualını verib. Bəs cavab? Necə düşünürsünüz, bu etibarsız dünyada biz qocalanda aqibətimiz necə olacaq?

 

Övladları, doğmaları tərəfindən atılan, bir sözlə çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindədir. Daha dəqiq desək müəssisənin müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiya şöbəsində.

 

 

 

Söhbət paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən sosial sığınacaqdan gedir.

 

QHT.az  bildirir ki,  Oxu.Az-ın əməkdaşları sığınacaqda yaşayan sakinlərlə maraqlanıb. Müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin olduğu müəssisədə həmin insanların yenidən həyata, cəmiyyətə adaptasiyası üçün zəruri olan tədbirlər görülür.

 

Bəs bu insanlar sosial sığınacağa necə gəlib çıxır?

 

Küçədə yaşayan adamlarla bağlı məlumat daxil olduqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən araşdırılır. Şəxsin kimsəsizliyi, çətin vəziyyətdə olması ilə bağlı faktlar öz təsdiqini tapdıqdan sonra onlar müəssisəyə yerləşdirilir. Həmçinin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü qarlı-şaxtalı günlərdə də…

 

Sosial Xidmətlər Agentliyindən deyirlər ki, bu şəxslər həm agentliyin filialları, həm də yerli icra nümayəndəlikləri, bələdiyyələr, polislər, hətta sıravi vətəndaşlar tərəfindən aşkarlanır və aidiyyəti üzrə araşdırıldıqdan sonra sığınacağa gətirilirlər:

 

 

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir. Sığınacağa müraciət edənlərin bir sıra hallarda sənədləri qaydasında olmur. Bu zaman biz onların sənədlərini qaydasına saldıqdan sonra sosial xidmət müəssisəsinə qəbulu həyata keçirilir. Ahıl şəxslər olduqda həmin şəxslər üçün sosial xidmət müəssisəsinə qəbul edilirlər. Ümumilikdə isə sığınacaqda da onların normal yaşaması, sosial xidmətlərlə təmin olunmaları üçün zəruri olan bütün şərait yaradılıb. Həmin şəxslər geyimlə, gün ərzində üç dəfə sağlam qidalarla təmin edilirlər”.

 

Müəssisənin geniş həyətyanı sahəsi var. İnsanlar yay vaxtı burada hava alır, gəzir, istirahət edirlər. Çəkiliş zamanı diqqət çəkən məqamlardan biri yad insanların bir-birinə doğmalarından daha yaxınlığı oldu. Bir-birini ilk dəfə burada görmələrinə baxmayaraq, o qədər qayğıkeş yanaşırlar ki, sanki 40 ildir bir-birilərini tanıyırlar.

 

Bəlkə də onları birləşdirən məhz yaxınları tərəfindən qayğıdan, sevgidən, mərhəmətdən uzaq qalmalarıdır, kim bilir?

 

Müəssisədən bildirilib ki, sığınacağa qəbul qaydalarına uyğun olaraq şəxslər müəssisəyə qəbul edilməmişdən əvvəl onun sağlamlıq vəziyyətinin ilkin tibbi müayinəsi aparılır, müvafiq səhiyyə müəssisəsi tərəfindən yoxlanılır.

 

Həmçinin vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış təqdim olunur.

 

Müəssisədə yaş faktoru nəzərə alınaraq 70 yaşına çatmış şəxslər Ahıllar evinə göndərilir.

 

Bəs sığınacağın digər sakinlərinin aqibəti necə olur?

 

Qeyd edək ki, müəssisəyə qəbul olunanlar burada yaşadıqları müddətdə sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında üç dəfə yemək, iki dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.

 

Hazırda müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiya şöbəsində 51 nəfərə xidmət göstərilir. Onlardan 39 nəfəri kişi, 12 nəfəri isə qadındır.

 

Söhbət əsnasında məlum olur ki, sığınacağın sakinlərinin məşğulluğuna da dəstək göstərilir. Bir müddət onların vəziyyəti nəzarətdə saxlanılır, daha sonra isə həmin şəxslər öz yeni, normal həyat tərzinə davam edirlər.

 

Sığınacağın 52 yaşlı sakini Güləbətin Zəkiyeva ilə həmsöhbət oluruq. Deyir ki, iki dəfə ailəli olub, lakin təəssüf ki, övladı olmayıb. Birinci izdivacı dağılandan sonra həyatda ikinci dəfə ailə qurub. Lakin bu dəfə də ailəsi dilədiyi kimi uzunömürlü olmayıb. 52 yaşlı qadın deyir ki, ailədə şiddət gördüyü üçün evi tərk edib:

 

“Həyat yoldaşımla münasibətlərimiz qaydasında olmadı. Gözlədiyim kimi münasibət görmədim. Ata-anam rəhmətə gedib, amma bacı qardaşlarım var. Sadəcə mən heç kimə yük olmaq istəmədiyim üçün sığınacağa üz tutdum. Ailəli olduğum vaxtda heç vaxt işləməmişəm. Təhsilim də yoxdur. Amma toxumağı bacarıram. Balaca əlcək, papaq, papışlar toxuyuram. İstəyən olanda satıram, istəməyəndə də bazara çıxarıram”.

 

Qeyd edim ki, sakinlərin axşam zəruri saatlarda sığınacağa qayıtmaları şərti ilə sığınacaqdan çıxmağa icazələri var.

 

Güləbətin xanım deyir ki, yaşım icazə versəydi işləyib, kirayə mənzil tutub qalardım. Amma edə bilmirəm. Sağ olsun nazirlik, mənə burada şərait yaradıb, qalıram. Bura ilk gələndə çox sıxılırdım. Amma sonra işçilərlə, sakinlərlə deyə-gülə günlərimizi keçiririk. Buradakı mehribançılığı heç öz ailəmdə görməmişdim”.

 

"Bəs ailəniz sizi geri qaytarmaq istəsə, evinizə geri qayıtmaq istəyərdinizmi?", - sualına Güləbətin xanım belə cavab verdi:

 

 

 

“Artıq barışmaq üçün, geri qayıtmaq üçün gecdir. Ora mənim evim deyil. Gələcəkdə öz evim olar, çıxaram, hələ ki burada qalıram”.

 

Könül Cəfərli

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı