Xəbərlər 23.01.2023 22:38 6647

Mifin qırıntılarından mifcik düzəldən rəzillik Vardanyanı – BBC-dəki müsahibənin şərhi  

Azərbaycanın Qarabağ İqtisadi rayonuna daxil olan Xankəndində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını girovluqda saxlayan separatçı dəstənin başında dayanan şəxslərdən biri – Ruben Vardanyan BBC-ə verdiyi müsahibədə sözün bütün mənalarında fiasko yaşayıb. 

Müsahibəni jurnalist Stephen Sackur “HARDtalk” proqramı üçün alıb. 

Müsahibin rəzil durumunu göstərən açar fikirləri yazaq, sonra onun cavablarını lakonik tərzdə şərh edək.

1. Siyasətçi deyil;

2. Savadsızdır;

3. Paşinyana müxalifdir;

4. Ermənilərin nifrət etdiyi personadır;

5. Burnundan uzağı görə bilmir;

6. Rusiyanın oyuncağıdır. 

Öncə juranlistin obyektivliyinə diqqət çəkək. İlk sualın ilk cümləsi: “Etnik ermənilərin Azərbaycanın suverenliyinə meydan oxuyan kiçik mübahisəli “Dağlıq Qarabağ” ərazisində baş verənlərə nəzər salaq”. 

 

Dəqiq təsbitdir. Ermənilər Azərbaycanın əbədi, əzəli ərazisi olan Qarabağda etnikdirlər və nə qədər gülməli olsa da onları girovluqda saxlayanlar qalib ölkəyə “meydan” oxuyurlar. Xüsusi qeyd: “Meydan”ı dırnaqda yazmasaq hadisəni təhrif etmiş olarıq.

 

Vardanyan cavablarda rəsmən ağlaşma qurub. “30 min uşaq”, “120” eməni, “elektrik yoxdur”, “qaz əsasən yoxdur”, “dərmanlardan başqa heç nə gəlmir”... Birincisi yalan danışır: dəfələrlə sübut olunub ki, sülhməramlıların müvəqqəti nəzarətində olan Qarabağ ərazisində 25-30 min arası erməni yaşayır. Fakt linkdə: https://faktyoxla.az/az/news/view/2202/qarabag-iqtisadi-rayonunda-120-min-ermeni-yasayir​​​ İkincisi, yanvarın 18-də Xankəndi ərasinidən video yayılıb. Ətraf çıraqbandır. Bu da həmin videonun linki: ​https://t.me/artsakh_24/7312​​​

 

Üçüncüsü, Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların keçirdikləri aksiyanın yeganə səbəbi Azərbaycanın sərvətlərinin erməni quldurları tərəfindən talan edilməsidir ki, onun da başında məhz Vardanyan dayanır. Qeyri-qanuni yollarla pulunu çoxaltmaq məqsədinə şeytan xisləti ilə qulluq edən bu şəxs məhz ermənilərin əsas düşmənidir. Gərək jurnalist soruşardı: Pullarınızla Xankəndində yaşayan yerlilərinizə hansı dərcədə dəstək göstərirsiniz? Əmin olun bir dənə də fakt sadalaya bilməzdi. Əks təqdirdə sosual şəbəkələrin sərhədsizlik dövründə heç olmasa bir erməninin onun barəsində xoş söz söylədiyinin şahidi olardıq. Bu adam necə liderdir ki, bircə yerlisi də onu öyən sözlər deməyib?...

Jurnalistin “Belə davam etsə çox uzun müddət ayaqda qalmağı bacarmayacaqsınız, insanlar tab gətirə bilməyəcəklər” replikasına verdiyi cavabsa çox gülünc səslənir. 

 

Vardanyan: “Artsaxdakı insanlar güclüdür biz vətənimizə sadiq qalacağıq”. Hansı gücdən danışır?.. 44 günlük Vətən müharibəsinin sonuna yaxın Xankəndində bir nəfər də qalmamışdı. Halbuki Azərbaycan o şəhərə həmlə nəzərdə tutmamışdı.

 

Müharibə dövründə dinclikdə gizlənən Vardanyan göbələk kimi peyda olmaqla Qarabağdakı mədənlərdən varidat qazanmaq planını gerçəkləşdirir. Azərbaycanlı əsilli erməni də bu gerçəyi yaxşı bildiyindən hətta onun həmin ərazilərdən rədd olub getməsini tələb edir. Bu barədə jurnalist də sualında xatırladır. Müsahibin cavabısa cavabsızlığın özüdür: “Mən Artsaxda rahat gəzirəm”. Bir, hanı bu gəzintini göstərən videofakt? İki, Xankəndində mübarizə aparan erməni qalıb ki, sən də narahat olasan. Qocalardır, onlar da rəhbəri olduğun quldurların girovunda qalıblar.  

 

Kriminal ünsür daha sonra deyib ki, 10 noyabr 2020-ci il ikitərəfli sazişdə Xankəndində yaşayan ermənilər üçün heç bir nəzarət olmadan açıq yol təminatı verilib: “İndi isə bu, tamamilə pozulub”.

Yol yenə açıqdır. Sadəcə siz nəzarətsiz qalanda kəfəni də yırtmaq eşqinə düşürsüz. O yolda aksiya o vaxt başladı ki, xüsusən İrandan Xankəndinə saxta sənədlərlə avtomobillər keçdi, qondarma şirkətlər yaradıldı, silahlar daşındı, terror hücumları əməliyyatlarına hazırlıqlar aparıldı. Hansı ölkə ərazisində bu kimi halların yaşanamasına göz yumar?  

 

Yol söhbətinə bir-iki cümləlik də davam edək. Jurnalist bu mövzuda bir neçə sual verib.

 

Cavablardan biridir: “Qırmızı Xaçın və sülhməramlıların köməyi olmadan “ərazimizə” heç nə gələ bilməz”. Onun fikridir. Əlbəttə, bu vəziyyəti məhz Vardanyan yaradıb. Onlara özünün də istinad etdiyi kimi yol ayrılmışdı. Daha o yoldan mənfur məqsədlər üçün istifadə edəcəkləri ixtiyarını kimsə tanımayıb. Yol yenə də açıqdır. Gəlin keçin, bir məkanda yaşayaq, Azərbaycan qanunlarına hörmət və xidmətlə münasibət göstərin. Qalibiyyətin möhürü olan həmin sülh sazişində də bunlar barədə yazılıb. 

 

Vardanyan onu Rusiyanın layihəsi kimi xarakterizə edən bir neçə sualın eyni mahiyyətli cavabının çaşqınlığında çox səbatsız görünürdü. Bu kimi suallara verilən cavablar Aya Günəş deyənlərin düşüncə məhsulu ola bilər. Bu “məhsul” həminkidir: “Siz bura gəlsəniz çoxlu pulu, çoxlu silahı olan 10 milyon insanın əhatəsində yaşamağın nə demək olduğunu daha yaxşı anlayarsnız. Biz 120 min insanı xilas etmək lazımdır. Orada 2 min rus əsgəri var. Onlara sülh istəyirsiniz. Mən sizə sual vermək istəyirəm: Bu vəziyyətdə yanınızda qalan insanlar üçün sülh istəyirsiniz?”. 

 

Cümlələrin mənasında məntiq yoxdur, ifadələri demək istədiyini söyləyə bilməyəcək qədər acizdirlər. “Bu vəziyyətdə yanınızda qalan insanlar üçün sülh istəyirsiniz?” - sualını təkarar oxudum. Paşinyan da bir dəfə çaşıb Qarabağ Azərbaycanındır demişdi. Erməni təbrincə çaşmışdı, bizə görə düz demişdi. 

 

Vardanyan ermənilər üçün sülh istəmədiklərini açıq bəyan edir: Məna eynən belədir: Çoxlu pulu, çoxlu silahı olan 10 milyon insanın əhatəsində yaşayanlara sülh istəmək doğru deyil və sülh vermək də doğru deyil. Terror təşkilatlarının əsas devizidir: heç yerdə sülh olmasın. 

 

Bu müsahibəni Xankəndindəki ermənilər dinləsələr küçədə rahat gəzməyi də tərgizdirərlər iki kəlməni söyləməyi bacarmayan liderlərinə

Qondardıqları bir ada dövlət deyib onun rəhbər strukturlarını yaratmaq əbləhlikdir, o vəzifələri daşımaq rəzillik. Qurduğunuz xaniman Azərbaycanın bir nidasına tab gətirmədi – bu həqiqəti unutmaq sırtıqlıqdır. 

Əbləhlik, rəzillik, sırtıqlıq. Bunlar da olsun dinlədiyimiz və şərh etməyə çalışdığımız müsahibənin açar sözləri. 

Cümlələri, fikirləri, sözləri düşündüklərin yönləndirir. Danışmağa sözün olmayanda düşündüklərin də vecə gəlmir. Həqiqətən Xankəndində Vardanyangilin qurduğu qondarma vəziyyət erməni xalqını vecəgəlməz hala salıb. Baş nazir Paşinyan sülh müqaviləsinin imzalanacağını dəfələrlə bəyan etsə də, ötən ilin sonuna ünvanlanan tarix göstərsə də, separatçılar mane olmağa çalışırlar. “Hümanitar ağlaşma” tamaşasına daha gələn də yoxdur. Davos 2023 dediyimizin təsdiqidir. İndi dünya yenidən qurulur.

Tamaşasız, filansız. Realda yaşananların içərisində utopiyadan danışanlar çox axmaq görünürlər. “Axmaq” təhqir deyil. Avamlığın həm də bədbəxtlik dərəcəsindəki növbəti mərhələsidir. 

Axmaqlıq odur ki, Vardanyanı Paşinyan nəinki dəstəkləyir, əksinə tam əleyihinə siyasət yürüdür. Jurnalist bu faktı xatırladır.

Cavablarından miskinlik yağan “lider” Xankəndi ermənilərinin böyüyüdürsə o toplum dərin bəlaya düşüb. Azərbaycan vətəndaşlarıdır. Rəsmi Bakı 30 ildən çoxdur tolerant siyasəti prioritet elan edib. Rəsmi Yerevan onda işğalçılıqla məşğul idi. Amma köhnə Yerevandan soruşa bilərlər. Ermənilər Azərbaycanda yaşadıqları son 75 ildə rahat, azad, firəvan olublar. 150 il öncə törətdikləri qətliamları belə, unutmuşuq. 

 

Vardanyanın cavabını yazacaqdım. Paşinyanla aralarında olan düşmənlik münasibətilə bağlı suala “Mənim belə bir məlumatım yoxdur. Bizdə əsas şəxs prezidentdir və onun baş nazirlə yaxşı münasibəti olub. Bilmirəm nədən danışırsınız. Məncə söhbətimizdə bunu müzakirə etmək və istinad etmək mənasızdır” cavabını verən şəxs hansı intellekt, hansı siyasi düşüncə sahibidir. 

1 milyardı Rusiyanın hesabına qazanıb. Rusiya vətəndaşlığından çıxaraq Qarabağda yaşamağa üstünlük verib. Həmin ölkənin oliqarx sisteminin bir hissəsidir. Kreml çalışır ki, Vardanyan Qarabağda hakimiyyəti ələ alasın. 

Müsahibənin sonuna doğru verilən sualların ümumi mənasıdır. Cavabsa yenə miskindir: “Mən elə bilirdim siz bizim ağır vəziyyətdə olduğumuzla bağlı danışacaqsınız”. 

Ağırvəziyyətlilər, Azərbaycan sizi vəziyyətdən çıxarmağa gəlib. Şuşaya qədər gəldik ki, sizə həm də rahat olsun. Məsafə qət edib özünüzü yormayın. Uzadılan sülh əlini tutun vəziyyətiniz yüngülləşsin. İstənilən cəzada yüngülləşdirici hallar olur.

Cinayətiniz işğalçılığınız, cəzanız qələbəmizdir. Hərgah Azərbaycan vətəndaşı olaraq yaşamağa başlasanız hüquqi baxımdan siz də qalib gəlmiş sayılırsınız. Həm də xilas olmuş. 

Müsahibənin samballı suallarından biridir: “2020-ci ildən sonra ərazilərinizin 3-də 2-sini itirdiniz, indi kiçik anklava sahibsiniz. Ya siyasi sövdləşmə aparmalısınız, ya ərazidən çıxmalısınız. Ermənistan hökuməti Dağlıq Qarabağı müstəqil, yaxud Ermənistanın bir hissəsinə çevirmək iddiasında deyillər. Bu artıq ərazi məsələsi hesab olunmur.

İcmanız belə vəziyyətdə uzun müddət necə yaşaya bilər? Bu hüquq məsələsidir. Sizin üçün insan haqqları məsələsidir. Siz Azərbaycan dövlətinin bir hissəsi olacaqsınız. Buna razısınız”. 

Bu suala nəinki Vardanyan, gəlib getmiş heç bir erməni siyasətçisi cavab verməyi bacarmaz, hələ üstəlik cənab Ruben siyasətçi deyil. 

Buyurun, cavabdan da aydın olur: “Bizim öz müqəddəratımızı həl etmək hüququmuz varmı – biz dünyadan soruşuruq. Ermənilər bir yana qalsın, Azərbayca xalqının heç bir haqqı yoxdur. Onlar bizim hüquq və müstəqillik əldə etməyimizlə belə davranırlarsa, etnik azlığın imkanlarını necə təsəvvür edirsiniz? Biz heç bir şans görmürük. İstəyirik sualı yoxdur. Ayrı düşən ailələrdən olan uşaqlar Ermənistanda ilişib qalmışdılar. 6 aydan sonra sülhməramlılar onları Arasaxa qaytarmaq istədilər. Onlar yolda dayandırıldı, yoxlanıldı, psixoloji təzyiqə məruz qaldılar. Ksenofobiya güclüdür”.

 

Bədbəxtlik sindromunun təsdiqi olan sözlər. Azərbaycan xalqını Şuşa nəhənglikdə haqqına sahib çıxaran dövlət ərazisindəki bütün xalqları vahid xalqa çevirən dövlətdir. 

Müsahibədəki açar sərsəmləmələr: 

1. İlk günündən deyirik ki, biz ayrıca dövlət quracağıq

2. Ermənistan höküməti, liderləri deyib ki, Artsax höküməti nə qərar versə, biz seçiminizi izləyəcəyik. 

3. ABŞ-dan, Fransadan, Rusiyadan aydın mesajlar almışıq və başa düşə bilərik ki, bu məsələnin səhifəsi bağlanmayıb. 

4. Bizim öz müqəddəratımızı təyin etmə hüququmuz var. Biz müstəqilliyimizə inanırıq. Burada qalıb öz evimizi müdafiə etməyə hazırıq. Bizim kiçik, onların böyük olmağına baxmayaraq. 

5. Ermənistan haqqında danışmaq istmirəm. Biz ayrıca ölkəyik. Mən Arsaxdan danışmaq istəyirəm. Arsax Azərbaycanın bir hissəsi olmaq istəmir. 

Həqiqətən Stephen Sackurun sualları və replikaları əladır. Kiçik dialoq:

- Siz kiçik icmasınız, fəlakətlər açdığınızı deyirlər. Sizin çıxıb getmənizi tələb edirlər” 

- Mən Arsaxda rahat gəzirəm. 

- Siz bura yadsınız. 

- Mən burda qalacağam. Arsax erməni xalqının açarıdır. Boşboğazlıq edənlər həmişə olacaq. Mən burada öz xalqımla qalacağam”. 

Biri var mif, biri var mifcik. Azərbaycan Böyük Ermənistan mifini dağıtdı, qırıntılardan mifcik düzəltməyə cəhd göstərənlər də özlərini bircə müsahibəylə gülünc duruma salır. 

Ceyhun Musaoğlu 

Jurnalist Ekspert Mərkəzinin sədri

missiya.az 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı