Xəbərlər 08.12.2022 20:43 1361

QHT SƏDRİ: Azərbaycan və Türkiyə Diasporasının vahid fəaliyyət planı niyə olmasın?

İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan diaspor fəaliyyəti sürətli inkişaf mərhələsindədir. 

44 günlük Vətən müharibəsində, postmüharibə dövründə diaspor fəaliyyətinin effektiv nəticələrini gördük və bu gün də görürük. Davamlı şəkildə aparılan iş xaricdə yaşayan həmyerlilərimizin həmrəyliyi, lobbiçilik fəaliyyəti Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasına əvəzsiz işlərin görülməsinə vasitə olur.

Diasporla bağlı uzun illərdir dövlət səviyyəsində ciddi işlər görülür. Xaricdə müxtəlif tədbirlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görüşlər keçirilir. Mütəmadi olaraq xarici diplomatlarla əlaqələr qurulur, Azərbaycanın maraqları yüksək səviyyədə müdafiə olunur.

Diaspor fəlsəfəsi ardıcıl fəaliyyəti nəzərdə tutur ki, bu istiqamətdə də ciddi işlər aparılır. Dövlətin diaspor fəaliyyəti ilə bağlı mövqeyi konkret və aydındır. Prezident İlham Əliyev Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edərkən diaspor fəaliyyətinin əsas konturlarını elan etdi və bir növ yol xəritəsini təqdim etdi.

“Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin – xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”, - deyə Prezident İlham Əliyev çıxışında vurğuladı.

Qurultayın Şuşa şəhərində keçirilməsi isə dünyaya verilən ən böyük mesaj idi. Azərbaycan qalib ölkədir və artıq diaspor təşkilatlarımız da qalib dövləti təmsil edir.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri Cəsarət HüseynZadə deyib ki, son dövrlər diaspor fəaliyyəti ən çox müzakirə olunan mövzulardandır. Bunun da obyektiv və subyektiv səbəbləri var:

“Azərbaycan öz ərazi bütövlüyünü vətən müharibəsində bərpa etdikdən sonra  öz niyyətlərini illərdir gizli formada həyata keçirən bəzi dövlətlər, ölkəmizə qarşı açıq formada şər və böhtan atmağa başladılar. Xüsusən türk dövlətlərinin vahid platformada daha da sıx birləşməsi bəzi dövlətlərin maraqlaırna toxunmağa başladı. Xeyli sayda digər arqumentləri da sadalamaq olar ki, ölkəmizə qarşı aparılan qara yaxma kampaniyasında bu kimi amillərin təsiri böyükdür.  

Diaspora fəaliyyətinin uğurlu alınmasın üçün davamlı fəaliyyət vacibdir. Eyni zamanda diaspora işi həm də könül işidir. Xaricdə yaşayan azərbaycanlılar xeyli fəallaşmalıdırlar. Dövlətin müvafiq strukturları da bunun üçün müvafiq addımlar atmalıdır. Xaricdə təkcə soydaşlarımızla deyil, həmin ölkənin ictimai xadimləri ilə əlaqələr qurmaq vacibdir. Tanınmış ictimai xadimləri Azərbaycanın dostlarına çevirmək lazımdır”. 

QHT sədri onu da əlavə edib ki, türk diasporası ilə koordinasiya vacibdir:

“Hesab edirəm ki, hazırda ən uğurlu nəticənin alınması üçün bu vacib şərtdir. Bu gün Azərbaycan Ordusu ilə Türkiyə Ordusu vahid təlimlər keçirirsə, birgə fəaliyyət göstərirsə, Azərbaycan və Türkiyə Diasporasının vahid fəaliyyət planı niyə olmasın?”

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı