Xəbərlər 09.11.2022 19:55 962

USAID Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışır - Missiya rəhbəri 

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracını dəstəkləməyə hədəflənib.

QHT.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Nerbass deyib.

"Biz diqqəti ixracın artırılmasına yönəltməyə çalışırıq və maneələri müəyyən etmək və siyasət dəyişiklikləri üzrə tövsiyələrlə bağlı azərbaycanlı tərəfdaşlarımızla birgə işləyirik. Bütün bunlar aqrobiznesin böyüməsini və genişlənməsini təşviq etmək məqsədi ilə həyata keçirilir ki, bu da daha çox iş yerlərinin açılmasına şərait yaradacaq. Biz çalışırıq ki, Azərbaycan kənd təsərrüfatı müəssisələrinin öz məhsullarını topdan və pərakəndə bazarlara daşımasını asanlaşdıraq ki, bu kənd təsərrüfatı müəssisələri böyük bazarlara çıxa bilsinlər", - deyə o bildirib.

USAID-in kənd təsərrüfatı sektoruna dəstək verdiyi Azərbaycanın regionlarına gəlincə, M.Nerbas Lənkəran, Samux, Gəncə, Zaqatala və Xaçmaz kimi bir neçə şəhəri xatırladıb.

Missiya rəhbərinin sözlərinə görə, USAID həm də ABŞ-Azərbaycan biznes əlaqələrinin inkişafına kömək edir ki, bu da Azərbaycanda yeni texnologiyaların tətbiqinə yardım edir.

USAID-in “Özəl sektorun dəstəklənməsi” təşəbbüsü biznes üçün əlverişli mühitin yaradılmasına kömək edən daha dayanıqlı iqtisadiyyatın qurulmasında tərəfdaşlıq və birgə investisiya yanaşmasını təmin edir:

"Biz, məsələn, xüsusi texniki yardımla aqrobiznesin böyüməsini dəstəkləyirik. Bunu davamlı etmək üçün biz yerli biznesin inkişafı xidmət təminatçılarından istifadə edirik. Bunlar Azərbaycanda artıq burada olan, bu dildə danışan, ölkələri tanıyan təşkilatlardır. Biz birlikdə aqrobiznes istehsalı və marketinqini təkmilləşdirmək üçün çalışırıq".

M.Nerbass deyib ki, bundan əlavə, USAID maraqlı tərəfləri və KOB-ları, həmçinin Azərbaycan İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Vergi Xidmətinin nümayəndələrini bir araya gətirən müntəzəm işçi qruplarının görüşlərinə ev sahibliyi edir:

“Biz bu görüşləri ona görə keçiririk ki, maraqlı tərəflər kiçik biznesin qarşısındakı maneələri müəyyən etsinlər və işçi qruplar bu problemlərin həlli üçün fəaliyyət planları hazırlasınlar”.

Missiya rəhbəri əlavə edib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Anlaşma Memorandumuna uyğun olaraq, USAID Azərbaycanın KOB-larının potensialını, məhsuldarlığını və rəqabət qabiliyyətini dəstəkləməyə hədəflənib.

M.Nerbass USAID-in Azərbaycan gənclərinə göstərdiyi dəstəkdən də ətraflı danışıb. Bildirib ki, USAID Azərbaycanda gənclər üçün pulsuz ingilis dili kursları keçirməyə başlayıb.

Missiya rəhbərinin sözlərinə görə, təlim Azərbaycan gənclərinin məşğulluq imkanlarının yaxşılaşdırılmasına yönəlib:

“Biz bu layihəni Gəncə, Zaqatala və Sumqayıtda həyata keçiririk. İlk 90 iştirakçı bu il məzun oldu və hədəf 2024-cü ilə qədər 700 nəfərin hazırlanmasıdır”.

M.Nerbass bildirib ki, USAID, həmçinin qadınların və gənclərin məşğulluğunu dəstəkləmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) 2015-ci ildən fəaliyyət göstərən “Sahibkarlıq və Məşğulluq üçün İqtisadi İmkanların Genişləndirilməsi” layihəsini həyata keçirir:

"Bu layihənin gənclərə yönəlmiş hissəsi 2019-cu ildə, USAID-in Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Gəncə, Zaqatala və Sumqayıtda Peşəkar İnkişaf və İnnovasiya Mərkəzləri yaratması ilə başlayıb".

Missiya rəhbəri qeyd edib ki, USAID indiyədək 600-ə yaxın gəncə karyera planlaması, bacarıqların inkişafı və sahibkarlıq düşüncəsi üzrə təlimlər keçib:

"Layihə çərçivəsində COVID-19 pandemiyası zamanı 900-ə yaxın gəncə onlayn təlim də keçirilib. Və 500-ə yaxın gənc qısamüddətli texniki seminarlarda Excel-dən istifadə, sosial medianın idarə edilməsi, qrafik dizayn kimi mürəkkəb bacarıqlar üzrə təlim keçib. Ümumilikdə 2016-cı ildən bu yana 2000-ə yaxın gənc bu layihə çərçivəsində təlim keçib".

Ölkədə qadın sahibkarlığına dəstək məsələsinə gəlincə, missiya rəhbəri bildirib ki, USAID və Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) Azərbaycanda qadınlar üçün milli biznes gündəliyini təqdim edəcək:


"USAID Azərbaycanda biznes mühitinin, xüsusən də qadın sahibkarlar üçün yaxşılaşdırılması üçün müntəzəm olaraq "AmCham" şirkəti ilə işləyir. Biz birlikdə işləyirik, çünki "AmCham" qadınlar üçün milli biznes gündəliyini hazırlayan rəhbər komitənin fəal üzvü kimi bizə kömək edir".

Missiya rəhbərinin sözlərinə görə, USAID bu biznes gündəliyini hazırlamaq üçün təxminən bir il yarımdır ki, "AmCham" və digər maraqlı tərəflərlə işləyir və onun rəsmi təqdimatı 3 noyabr 2022-ci ildə baş tutacaq.

Bundan başqa, USAID-in dəstəyi ilə Azərbaycanda 200 qadın artıq öz biznesini açıb:

"Bu günə kimi biz ölkədə 1000-dən çox qadına təlim keçmişik".

M.Nerbass qeyd edib ki, USAID qadınları öz bizneslərini idarə etmesinə öyrənməsi üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramını (UNDP) maliyyələşdirir:

"Belə ki, biz BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Azərbaycanın Masallı, Zaqatala, Xaçmaz və Sumqayıt kimi rayonlarında qadın resurs mərkəzləri yaratmışıq və digər yerlərdə daha 6 mərkəzə dəstək veririk".

M.Nerbass izah edib ki, ideya əsasən qadınların biznesin inkişafı üzrə təlim almaq və bir-birindən öyrənmək üçün bir araya gəlməsindən ibarətdir:

"Və bu mərkəzlər qadınların biznesin inkişafında dəstək verməklə yanaşı, məişət zorakılığı qurbanlarına da mühüm yardım göstərir".

Missiyanın rəhbəri əlavə edib ki, mikro, kiçik və orta sahibkarlıq üçün biznes mühitini yaxşılaşdırmaqla USAİD Azərbaycanda qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə və gücləndirilməsinə kömək edəcək bizneslərin, xüsusən də qadın biznesinin yaradılmasına kömək edir.

M.Nerbass vurğulayıb ki, USAID-in Azərbaycandakı ümumi məqsədi insanların və icmaların rifahına töhfə verməkdir:

"Son 30 il ərzində ikitərəfli tərəfdaşlığımız Azərbaycanın humanitar, inkişaf və inkişaf ehtiyaclarının ödənilməsinə kömək etmək üçün USAID-in 400 milyon dollardan çox maliyyə dəstəyi ilə öz əksini tapıb. Mən burada olduğum müddətdə Azərbaycan hökuməti, donorlar, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığımızı vətəndaşların həyatını yaxşılaşdırmağa kömək edəcək layihələr vasitəsilə gücləndirəcəyimə ümid edirəm. Qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə kömək etmək üçün Azərbaycanda kənd təsərrüfatının inkişafı, səhiyyə sisteminin gücləndirilməsi, qadınların və gənclərin rifahının yaxşılaşdırılması bizim qarşılıqlı maraqlarımızdır".

Bundan başqa, missiya rəhbərinin qeyd edib ki, USAID Azərbaycanda məcburi köçkünlərin rifahına böyük diqqət yetirir:

"USAID-in Azərbaycanda məcburi köçkünlərə yardım göstərməkdə çox böyük təcrübəsi var. 1990-cı illərin əvvəllərində biz 800 000-dən çox məcburi köçkünə mənzil, məktəb təmiri, ilkin səhiyyə, su təchizatı, kənd təsərrüfatı kimi sahələrdə dəstək verdik. Hazırda bizim məcburi köçkünlərə dəstək üçün heç bir layihəmiz yoxdur. Bununla belə, ABŞ hökuməti mütəmadi olaraq azərbaycanlı həmkarlarımızla məcburi köçkünlərə ən yaxşı şəkildə necə dəstək ola biləcəyimizi müzakirə edir. Beləliklə, bu təşəbbüs gündəmdə qalır".

M.Nerbass qeyd edib ki, USAID-in ümumi prioriteti diqqəti kənd təsərrüfatı və turizmə yönəltməklə özəl sektorun inkişafı üçün daha yaxşı şərait yaratmaq və gender bərabərliyini və qadınların iqtisadi imkanlarını genişləndirmək üçün əhəmiyyətli resurslar ayırmaqdır:

"Bütün bu təşəbbüslər birlikdə iş yerlərinin yaradılması və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi daşıyır. Biz qadın sahibkarlara dəstək, kənd təsərrüfatı, aqroturizm, özəl sektorun inkişafı, insan alverinə qarşı mübarizə, vətəndaş cəmiyyəti təşkilatlarının potensialının artırılması, dövlət institutlarının şəffaflığının və həssaslığının artırılması, gənclərin inkişafının təşviqi istiqamətində davam edən layihələrimizi həyata keçirməyə davam edəcəyik. Onu da vurğulamaq istərdim ki, bütün bu layihələrdə biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və bir çox digər dövlət qurumları ilə sıx əməkdaşlıq edirik".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı