Xəbərlər 03.05.2024 18:27 3338

Hüquq və İnsan Haqları Sahəsində Elmi Jurnalların Vahid Elektron Axtarış Bazasının Yaradılması- DƏYİRMİ MASA - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində nəşr olunan elmi jurnalların vahid elektron axtarış bazasının yaradılması, hüququn ayrı-ayrı sahələri, o cümlədən insan hüquq və azadlıqları sahəsində elmi-tədqiqat potensialının artırılması və hüquq nəşrlərinin bir bazada toplanılması məqsədilə dəyirmi masa təşkil edib.

QHT.az xəbər verir ki, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qeyd edib ki, hüquq jurnallarına dair vəziyyəti öyrənmək məqsədilə İnstitut 109 hüquqşünas və 13 hüquq jurnalı arasında onlayn elektron sorğu keçirib və monitorinq hesabatı hazırlayıb. Monitorinq nəticəsində hüquqşünasların Azərbaycanda dərc olunan hüquq jurnallarına məqalə yazmaqda maraqlı olduqları, bir çox hüquq jurnallarının elektron formatının mövcud olmaması, yazılan məqalələrin keyfiyyətinin aşağı olması və beynəlxalq reytinqlərdə az təmsil olunmaları müəyyən edilib. Bu problemlərin aradan qaldırılması üçün İnstitut BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) ilə birlikdə hüquq jurnallarının vahid elektron axtarış bazasını yaratmağa dair razılıq əldə edib.

Məhəmməd Quluzadə həmçinin qeyd edib ki, keçən il ulu öndərin adı ilə bağlı onlayn hüquq və insan haqları kitabxanası yaradıblar, BMT İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda hüquq və insan haqları sahəsində məqalələr, kitablar, hesabatda yazan müəlliflərin işlərini biz ora toplayıblar: “300-dən çox vəsait toplanıb və bir il ərzində 120 mindən çox endirmə oldu və bu sahədə işləri davam etmək üçün biz bu il BMT İnsan Haqları üzrə Ali Komissarlığı ilə razılığa gəldik ki, bizim saytda daha bir neçə yeni interaktiv proqramlar hazırlayacaq. Onlardan biri hüquq jurnallarının vahid axtarış bazasıdır, çünki Azərbaycanda dərc olunan jurnalların heç də hamısının saytı yoxdur və onları tapmaq xeyli vaxt aparırıq. Məqalələrin axtarış sistemi yoxdur, çalışırıq onu həll edək. Eyni zamanda onlayn insan hüquqları lüğəti üzərində də işləyirik. Bu lüğətə ilkin olaraq 50 -60 ixtisaslaşmış terminala daxil edəcəyik. Amma platforma işləyəndən sonra istənilən hüquqşünas, alim, tədqiqatçı daxil olub, yazıya düzəlişlər edə biləcəklər. Belə bir vahid formanın olması düşünürəm ki, hüquq icması üçün faydalı olar".

Daha sonra Vəkillər Kollegiyasının Akademiyasının rektoru, professor Əmir Əliyev çıxış edərək, hüquq sahəsində məqalə dərc edən jurnallarla bağlı mövcud vəziyyətin qənaətbəxş olmadığını bildirib. O, hüquq jurnallarının nüfuzunu artırmaq üçün onların beynəlxalq data-bazada yer almasının vacibliyini vurğulayıb. Professor mövcud çətinliklərin həlli istiqamətində Vəkillər Kollegiyasının Akademiyasının da lazım olan köməkliyi göstərməyə hazır olduğunu qeyd edib.

Tədbirdə iştirak edən AMEA-nın vitse prezidenti, akademik Gövhər Baxşəliyeva, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri Elşən Məmmədli, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov və digər şəxslər öz dəyərli fikirlərini səsləndiriblər.

Sonra tədbirdə 20 hüquq jurnalının təsisçiləri və redaksiya heyəti, müxtəlif təhsil ocaqlarını təmsil edən hüquqşünas alimlər və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən sözügedən mövzu ətrafında fikir mübadiləsi aparılıb, elektron axtarış bazasının yaradılması istiqamətində səmərəli təkliflər dinlənilib. Sorğulara dair qeydlər, təkliflərə dair əlavələr, axtarış bazasına dair və məqalələrin keyfiyyətinin qaldırılmasına dair təkliflər səsləndirilib. 

Məlumat üçün bildirək ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında hüquq elmləri üzrə jurnalların sayı 16 elm sahəsi üzrə 421 jurnalın cəmi 4,0%-ni təşkil edir. Bu, müxtəlif elm sahələri üzrə məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında ən aşağı göstəricidir.

Monitorinqin nəticələri onu deməyə əsas verir ki, hüquq icması arasında hüquq sahələri ilə bağlı məqalələr oxumağa və yazmağa maraq böyükdür, lakin jurnalların elektron formatda əlçatan olmaması və dərc edilən məqalələrin keyfiyyətinin aşağı olması bu sahənin inkişafına mane olur. Jurnalların əsas probleminin dərc edilmə üçün kifayət qədər maliyyə vəsaitinin olmadığını nəzərə alaraq (respondentlərin 38,5%-i), bu jurnalların vahid elektron portalda oxuculara təklif edilməsi məqsədəmüvafiq olardı.

Hüquq məqalələri dərc edən jurnalların siyahısına "Qanun", "Azərbaycan Vəkili", “Baku State University Law Review”, "Qanunçuluq", "İnjuria", “ELSA Azerbaijan Law Review”, "Polis Akademiyasının Elmi Xəbərləri", “Azərbaycan Hüquq Jurnalı”, "Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası)", "Azərbaycan Prokurorluğu", "Hüquqi Elmlər və Təhsil", "Beynəlxalq hüquq və inteqrasiya problemləri", "Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiyanın Aktual Məsələləri", “AMEA-nın Məruzələri", "Cəmiyyət və cəza", "Nəqliyyat Hüququ" , "Elmi məcmuələr", "Elmi əsərlər. İctimai elmlər seriyası" , "Dövlət İdarəçiliyi: Nəzəriyyə və Təcrübə", "Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri" , "Sosial elmlər", "Gənc tədqiqatçı" jurnalları daxildir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı