Xəbərlər 03.05.2024 18:01 3890

Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib – Masallıda

Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib – Masallıda

 

Yaşasaydı 25 yaşı tamam olacaqdı...
 
Mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhidi, III dərəcəli “Vətənə xidmətə görə” ordenli  Famil Habil oğlu Əlizadənin xatirəsi anılıb.
Doğum günü mərasimində şəhidin doğmaları ilə yanaşı Masallı və Şirvan rayonlarından şəhid ailələri, qazilər, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cəsur döyüşçünün məzarı önündə çıxışlar zamanı jurnalist-publisist Akif Ağayev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti, dəmir yumruqlu igid oğullarımızın sayəsində 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilərək xalqımıza Qələbə sevincinin bəxş edilməsinin əhəmiyyətindən, düşmənlərin bağrını yararaq qəhrəmanlıq tarixi yazan cəsur əsgərimiz Famil Əlizadənin döyüşlərdə göstərdiyi şücaətdən danışıb.
Birinci Qarabağ müharibəsi veteranı Ədalət Hüseynov, şəhid leytenant Vüsal Məhərrəmovun atası Aslan Məhərrəmov, şəhid polkovnik-leytenant Rəşad Hüseynovun atası Rəhim Hüseynov və başqaları bildiriblər ki, müqəddəs bayrağımızın Şuşada və digər xilas olmuş ərazilərimizdə dalğalandığı gündən şəhidlərimizin ruhu şaddır. Müstəqil Azərbaycan dövləti var olduqca onlar qəlblərdə əbədi yaşayacaq.
Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə, Famil Əlizadəyə həsr edilən şeirlər söyləyiblər. 
Şəhidin atası Habil Rəhimov dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Mərasimdə torpaq uğrunda canından keçən Famil Əlizadənin və bütün igid Vətən oğullarının ruhuna dualar oxunub, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.  
Qeyd edək ki, Əlizadə Famil Habil oğlu 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə qəsəbədəki 3 saylı tam orta məktəbi bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin yanvarında ordudan tərxis olunub. 
İkinci Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan F.Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərib. Hər dəfə qızğın döyüşlərin önündə gedənlərdən olub Famil. 2020-cil oktyabrın 21-də şəhidlik zirvəsinə yüksəlib. Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristanında torpağa tapşırılıb.
Subay idi. Ailədə bir bacı, iki qardaş olublar. 
Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin vaxtilə yaşadığı küçəyə onun adı verilib.
 
Akif VAQİFOĞLU
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı