Xəbərlər 30.04.2024 18:05 1559

QHT növbəti maarifləndirici dəyirmi masanı Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil edib - FOTOLAR

30 aprel 2024-cü il tarixində “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihə çərçivəsində növbəti maarifləndirici dəyirmi masa Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və Coğrafiya fakültəsinin Fəlsəfə və sosial elmlər kafedrasının müəllimləri və tələbələri üçün təşkil edilib.

QHT.az xəbər verir ki, giriş sözü ilə çıxış edən ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının müdiri, professor Rafail Əhmədli tədbir iştirakçılarını salamladıqdan sonra rəhbərlik etdiyi kafedranın fəaliyyəti, görülmüş və görülən işlər haqqında məlumat verib. O, çıxışında ölkəmizdə sosial sahədə aparılan işlərdən danışıb, həmçinin ictimai birlik tərəfindən icra olunan layihənin aktuallığını və əhəmiyyətini xüsusilə qeyd edib. R.Əhmədli ölkəmizdə bu cür mərkəzlərin təşkilinin və fəaliyyətinin vacibliyini qeyd edərək əlavə edib ki, cəmiyyətimizdə inklüziv peşə hazırlığı sosial baxımdan həssas əhali qrupuna aid edilən Əlilliyi Olan Şəxslər (ƏOŞ) üçün çox faydalı ola bilər. Ona görə də bu istiqamətdə maarifləndirmə işləri davam etdirilməli və kafedra müəllimləri ilə tələbələri sözügedən sahədə öz dəstəklərini əsirgəməməlidirlər, həmçinin qeyd olunan sahədə müxtəlif layihələr hazırlamağa çalışmalıdırlar. 

Sonra sözügedən layihənin rəhbəri və MİDİB-in icraçı direktoru Arif Nəcimov ictimai birliyin fəaliyyəti və icra olunan layihə haqqında çıxış edib. O, layihənin məqsədi, vəzifələri, BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) bəzilərinin inklüziv peşə hazırlığı mərkəzləri ilə əlaqəsi, həmçinin layihənin icrası müddətində nəzərdə tutulmuş növbəti tədbirlər barəsində maarifləndirici dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib.

A.Nəcimov çıxışında qeyd edib ki, MİDİB-in rəhbərliyi və layihə işçi qrupu təşkilatın Nizamnaməsində qeyd olunan “Əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən layihələrin hazırlanması, həyata keçirilməsi, başqa təşkilatlarla birgə belə layihələrin yerinə yetirilməsi” və “Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və sair tədbirlər təşkil etmək və xaricdə keçirilən belə tədbirlərdə iştirak etmək” kimi vəzifələrə və son iki ildə icra etdiyi layihələrin nəticələrinə istinadən sözügedən layihə hazırlamış və 2023-cü ilin noyabr ayından icrasına başlanılmışdır.

Layihənin məqsədi, ölkəmizin sosial baxımdan həssas əhali qrupuna aid edilən Əlilliyi Olan Şəxslərin (ƏOŞ) məşğulluğunun təmin olunmasında müəyyən peşələrin Ali Təhsil Müəssisələrində (ATM) inklüziv peşə hazırlığı mərkəzlərinin sosial sahibkarlıq (biznes) modeli əsasında təşkilinin əhəmiyyətini təşviq etməkdir.

Layihənin vəzifələrindən danışan A.Nəcimov qeyd edib ki, ƏOŞ-lərin daha inklüziv fiziki və sosial mühitdə yaşamaları, təhsil almaları və müəyyən peşə öyrənib bir fərdi sosial sahibkar və ya hər hansısa təşkilatda işçi kimi çalışmalarını təmin etmək üçün bəzi peşəkar mütəxəssislərin (sosial işçilərin, pedaqoqların, mühəndislərin, iqtisadçıların, uyğun QHT-lərin və sosial sahibkarlıqla məşğul olanların), həmçinin elmi-tədqiqatçıların diqqətini sözügedən məsələyə çəkməkdir. O, həmçinin cari layihənin 2024-cü ilin sonuna kimi müxtəlif maarifləndirici tədbirlərlə davam edəcəyini əlavə edib.

Sonra maarifləndirici dəyirmi masa ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının müəllimləri və “Sosial iş” ixtisasında təhsil alan tələbələrin çıxışları və cari layihə barəsində müzakirəsi ilə davam edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı